
“Azərbaycanın xarici siyasət xətti qarşılıqlı maraqlar, müstəqillik və hörmət prinsiplərinə söykənir”.
Bunu millət vəkili Azər Badamov “xalqcebhesi.az”-a açıqlaması zamanı söyləyib.
O qeyd edib ki, Azərbaycanın siyasəti, tutduğu yol, beynəlxalq əməkdaşlıq üzrə prinsipləri kifayət qədər aydındır: “Azərbaycan illər ərzində də çox aydın yanaşma ortaya qoydu. Bu, ərazi bütövlüyü və suverenliyimizin təmin edilməsi ilə bağlı heç bir halda güzəştə getməməyimiz idi. Bu istiqamətdə dövlətimiz ardıcıl və prinsipial addımlar atdı.Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq əməkdaşlığı sürətləndirdi. Beynəlxalq parlament təşkilatları ilə sıx əməkdaşlıq quruldu. Dövlətimizin əsas prinsipi sülhün, təhlükəsizliyin və davamlı inkişafın əsas götürülməsi ilə hər bir tərəflə səmimi, habelə konstruktiv dialoq qurmaq idi.
Avropa Parlamentinin, Qərb təsisatlarının qərəzli mövqeyi isə bitmədi ki bitmədi. Təəssüflər olsun ki, illər ərzində Azərbaycanın əsas xətt olaraq müəyyənləşdirdiyi amillərin heç biri Avropa Parlamenti tərəfindən göz önündə tutulmadı. Tam əksinə Azərbaycan münasibətləri yumşaltmağa çalışdıqca, Avropa Parlamenti Azərbaycana qarşı əsassız və qərəzli bir yol tutdu”.
Deputat bildirib ki, illər ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yumuldu, insanlarımızın haqq və hüquqlarına məhəl qoyulmadı: “Azərbaycan hakimiyyətinə təzyiqlər, şantajlar və daxili işimizə kobud müdaxilələr edildi. Avropa Parlamenti bu illər ərzində bir dəfə olsun belə öz vədinə əməl etmədi, əksinə anti-Azərbaycan ritorikasını daha da gücləndirdi və genişləndirdi. Vətən müharibəsi dövrü, COP29 ərəfəsi də təzyiqlərlə üz-üzə qaldıq.
44 günlük Vətən müharibəsi çərçivəsində Azərbaycan əleyhinə saxta məlumatlar tirajlanırdı. Azərbaycanı yalan və yanlış şəkildə dünya ictimaiyyəti qarşısında rəzil etmək yolu tutulmuşdu. COP29 çərçivəsində də Azərbaycana qarşı hücumların şahidi olduq. Müxtəlif lobbi qrupları vasitəsilə təhdidlər yağdırılırdı. Azərbaycanın imicinə, nüfuzuna xələl gətirilməyə çalışılırdı.
Buna baxmayaraq Azərbaycan yolundan dönmədi. Bu gün dövlətimiz yenə də inkişaf yolunu əsas tutur. Regiona davamlı və dayanıqlı sülhün gətirilməsində maraqlıyıq. Avropa Parlamenti ilə mövcud münasibətlər xarici siyasətimizdən heç nə qoparmayacaq. Biz qətiyyətli və prinsipial yolumuzda davam edəcəyik. Hansı tərəf sülhə töhfə verəcəksə biz o tərəflə daha sıx çalışacağıq. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında xarici və daxili siyasətdə qəbul edilən hər bir qərar əsaslıdır, arxasında məntiqli yanaşma dayanır və bu qərarlar xalq tərəfindən dəstəklənir”.
Günel Elxan