İsrail səfiri: Azərbaycanla münasibətlərimiz genişlənməkdə davam edir Siyasət

İsrail səfiri: Azərbaycanla münasibətlərimiz genişlənməkdə davam edir

Azərbaycanla münasibətlərimiz genişlənməkdə davam edir.

Bunu APA-nın Qarabağa ezam olunmuş əməkdaşına İsrailin Azərbaycandakı səfiri Ronen Kraus deyib.

Diplomat bildirib ki, bu, onun Qarabağa üçüncü səfəridir.

“Mənim üçün yenidən burada olmaq böyük məmnunluqdur. Bu, Qarabağa üçüncü səfərimdir. Xankəndiyə isə ilk səfərimdir”, – səfir bildirib.

Onun sözlərinə görə, İsrailin tibbi müəssisələri ilə Qarabağ universitet, xüsusilə Tibb fakültəsi arasında əməkdaşlıq perspektivləri mövcuddur.

“İsraildəki tibbi müəssisələrlə Qarabağ Universiteti, xüsusilə Tibb fakültəsi arasında əməkdaşlıq imkanları var və ümid edirik ki, yaxın gələcəkdə bunun nəticələrini görəcəyik”, – diplomat vurğulayıb.

Səfir qeyd edib ki, Azərbaycan və İsrail arasında münasibətlər inkişaf etməkdə davam edir.

“Münasibətlərimiz genişlənməkdə davam edir. Həm liderlər, həm də xalqlar arasında çox yaxşı münasibətlər mövcuddur”, – o bildirib.

Diplomat xatırladıb ki, İsrail xarici işlər nazirinin Azərbaycana son səfəri uğurlu keçib və tərəflər yeni layihələrin həyata keçirilməsi üzərində çalışırlar.

“İqtisadi layihələr, kənd təsərrüfatı, su texnologiyaları, kiberməkan və turizm sahələrində əməkdaşlıq inkişaf edir”, – səfir qeyd edib.

Onun sözlərinə görə, ötən il İsraildən Azərbaycana 70 mindən çox turist səfər edib və bu rəqəmin daha da artacağı gözlənilir.