“Əsli-Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri Mədəniyyət

“Əsli-Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

AZƏRTAC türk xalqlarının folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan yazılar silsiləsini davam etdirir

Görkəmli ədəbiyyatşünas Salman Mümtazın “şahkar dastan” adlandırdığı “Əsli və Kərəm”in ilkin yaranma məkanının Azərbaycan ərazisi olması onun müxtəlif variantlarının araşdırılmasında mühüm mənbə rolunu oynayır. Azərbaycan məhəbbət dastanlarının türkmən baxşılarının repertuarına keçməsi mübahisəsiz fakt kimi qəbul olunur və eyni epik ənənə üzərində inkişaf edən, Şərqi Xəzəryanı sahədə yaşayan iki Oğuz xalqı arasında epos əlaqələrinin olması məhz bu tarixi-mədəni yaxınlıqdan qaynaqlanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya elmləri namizədi Məhəmməd Məmmədov bildirib.

O qeyd edib ki, dastanda iki sevgilinin nakam taleyinin səbəbi ictimai quruluş, çürük etiqadlar və sərt ehkamlar kimi təqdim olunur: dini-milli təəssüb o qədər güclü verilir ki, Kərəm və Əsli, eləcə də onlara kömək edənlər bu “zənciri” qıra bilmirlər. Əsərin finalında faciəni doğuran əsas amil din xadiminin tikdirdiyi tilsimli paltarın düymələri ilə bağlanır: Kərəm düymələri aça bilmədiyindən alovlanıb yanır, Əsli isə kül içində qalan közün od tutması ilə onun ardınca məhv olur.

“Son dövrlərin araşdırmaları dastanda tez-tez iddia olunan “erməni məsələsi”nin əsas xətt kimi mövcud olmadığını, mətndə daha çox Alban mədəniyyətinin izlərinin izlənildiyini göstərir. Süjetin formalaşması IV əsrdə xristianlığı qəbul etmiş türk mənşəli albanların, VIII əsrdə isə Albaniyanın ərəb işğalı ilə İslamın yayılması fonunda meydana çıxan mürəkkəb tarixi şəraitlə əlaqələndirilir; xüsusən Qarabağ bölgəsində xristian albanların dinlərini qoruması bu kontekstdə xatırladılır”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, “Əsli-Kərəm” təkversiyalı dastanlar sırasında göstərilsə də, onun müxtəlif xalqların epik ənənələri ilə struktur səsləşmələri var. Belə ki, Orta Asiyada geniş yayılmış “Kozi Körpəş və Bayan Sulu” və eləcə də “Tahir-Zöhrə” dastanları ilə yaxın motivlər müşahidə olunur.

M.H.Təhmasibin müqayisələrinə istinadən valideynlərin övladsızlığı, nəzir-niyazla doğuluş, göbəkkəsmə, adaxlanma kimi ortaq struktur məqamları, həmçinin adlar və obraz paralelləri (Körpəş–Kərəm, Sulu–Əsli; Qarabay–Qara Keşiş) önə çəkilib: “Türkmən variantı XV əsrdən xəbər versə də, Azərbaycan variantı daha əvvəl formalaşaraq xalq arasında sevilib və sonradan digər ölkələrə yayılıb. Bəzi türkmən tədqiqatçıları dastanı türkmən xalqının sənət abidəsi kimi təqdim etsələr də, mətndəki yer adları, hadisələrin cərəyan etdiyi məkanlar və Azərbaycana aid etnik elementlər bu iddianı zəiflədir”.

O, görkəmli tədqiqatçı X. Koroğlunun da toponimlər və etnik göstəricilərə əsaslanaraq dastanın bir vaxtlar Azərbaycan ərazisindən gəldiyini vurğuladığını qeyd edir; türkmən variantındakı bəzi qeyri-dəqiqliklərin isə baxşının Azərbaycan mühiti ilə yaxından tanış olmaması ilə izah olunduğunu bildirib.

Variantları arasında bir sıra ortaq struktur məqamları müşahidə olunur. Belə ki, hər iki variantda övladsız Ziyad şah (Ziyad xan) nəzir-niyazdan sonra övlad sahibi olur. İlk görüşün bağda baş verməsi, aşiqin “Kərəm”, məşuqənin isə “Əsli” adı ilə təqdim olunması da bu paralellər sırasındadır. Hər iki mətndə Qara Məlik (Qara Mələk) verdiyi sözün üstündə durmur, Kərəm sevgilisinin ardınca yollanır və yol boyu onun haqqında dağdan, durnadan, ceyrandan və digər işarələrdən xəbər alır. Süjetin digər ortaq xətti kimi, quldurların Kərəmin “haqq aşiqi” olduğunu anlayıb ona köməklik göstərməsi göstərilir. Eyni zamanda, hər iki variantda Əsliyə düymələri tilsimli don geyindirilir və məhz həmin düymələrdən çıxan odun nəticəsində Kərəm yanır. Finala yaxın epizodlarda da paralellik qorunur: paşa Kərəmin ölümündə günahkar sayılan Əslinin ata-anasının cəzalandırılmasına göstəriş verir.

Məhəmməd Məmmədov, həmçinin dastanın yalnız türkmən variantında xoşbəxt sonluğun yer aldığını qeyd edib: “Əsli 40 il Kərəmin günbəzi üstündə göz yaşı tökdükdən sonra Tanrının əmri ilə Kərəm dirilir, Əslinin gəncliyi, gözəlliyi özünə qayıdır və toydan sonra gənclər vətənə dönürlər. Azərbaycan məhəbbət dastanlarında finalın yasla bitməsini təsəvvüfi semantika ilə əlaqələndirmək mümkündür: bu ənənədə əsas məqsəd cismani qovuşma deyil, mənəvi vüsal — yəni Haqqa qovuşmaqdır; qəhrəmanların əsas sınağı da “haqq aşiqi” olmalarının imtahanı kimi yozulur”.