
Bir qayda olaraq şairlər öz şeirlərini ya kiməsə, nəyəsə müraciətlə başlayır və ya şeirin müəyyən bir hissəsində öz fikir və düşüncələrini bölüşmək üçün hər hansı canlı və ya cansız varlığa xitab edirlər. Bu siyahıda fələk, dağlar, könül, yar, sevgili, dost kimi sözlər geniş yer alsa da, şübhəsiz ki, ilk sırada uca yaradan Allah Təalanın adı gəlir. Allah Təalaya isə daha çox Allah, İlahi, Rəbb, Tanrı adlarından biri ilə müraciət olunur. Bu gün klassik ədəbiyyatda həm ayrıca əsər şəklində, həm də məsnəvilərin giriş hissəsində Allah Təalaya, onun izzət və cəlalına həsr olunan şeirlər – minacatlar, demək olar ki, çox az yazılır. Müasir şairlərin bu tipli şeirlərində daha çox yalvarış, zəmanədən, cəmiyyətdən, şəxsi həyatdan yaranan giley-güzar, qüssə, qəm motivləri üstünlük təşkil edir. Bir sözlə, şairlər ətrafındakı insanlara deyə bilmədikləri könül duyğularını Allah Təalaya xitabla söyləyir və sanki bununla bir növ təsəlli almış olurlar. Əslində ərəb mənşəli minacat sözünün də kökündə “gizlicə danışmaq”, “yalvarmaq” mənaları var.
15 may 2025-ci il tarixdə FB-da Sahib İbrahimlinin paylaşdığı “İlahi” adlı şeiri qarşıma çıxdı. Uzun illər ərzində şair və alim kimi fəaliyyətini uğurla davam etdirən bu sadə, səmimi insanın imzasını yaxşı tanıdığımdan, yaradıcılığına bələd olduğumdan bu şeirini də həvəslə oxudum. Şeir çox xoşuma gəldiyindən öz fikirlərimi müəlliflə də, oxucularla da bölüşməyi lazım bildim.
Şeirin ilk bəndindən müəllif könlündə tüğyan edən kədərin yaratdığı düşüncələrini bədii sözə çevirib birbaşa hədəfə yönəldir. Bəndə İlahinin sirlərini bilmək iqtidarında olmasa da, Ona xitabən suallarını vermək ixtiyarını özündə saxlayır. Şair də elə ilk bənddən “bu qədər yaşla onu görməyən” İlahidən gileylənir və haqlı olaraq “edama göndərilib-göndərilməyəcəyini” soruşur:
Sənə görünmədim bu qədər yaşla,
Bəlkə, edamlığam belə bir başla?
Namərdin arxamca atdığı daşla
Əllərim bir daxma tikir, İlahi.
Birinci misrada yaş sözünü hər iki mənada – göz yaşı və insanın yaşı, ömrü anlamında qəbul etsək, sözün semantikasında heç bir məntiqsizlik yaranmır. Ancaq böyük ehtimalla yaş sözünü şair qəm-qüssədən axıtdığı göz yaşlarını nəzərdə tutaraq işlətmişdir. Sahib İbrahimlinin atasının, anasının, ömür-gün yoldaşının itkisindən doğan şeirlərində də ürək dağlayan göz yaşlarının təsviri geniş yer tutur. İkinci misrada isə müəllif bədii sualdan məharətlə istifadə etmişdir: cəmiyyətin yazılmamış qanunsuz qanunlarına əməl etməyən başı gec-tez edam kötüyü gözləmirmi? Sonrakı iki misrada müəllif çox güclü bir təzad yaradaraq çəkdiyi sıxıntılara rəğmən sınmadığını, mübarizə qabiliyyətini itirmədiyini dilə gətirmişdir.
Şeirin ikinci bəndində şair yenə könül dünyasından keçən duyğuların axarında özünə, özünün keçib gəldiyi ömür yoluna nəzər salır, “yüz fikrin bir can borcunu ödəmədiyi” qənaətinə gəlir:
Bu da ağrıların qəfil hücumu,
Göylər boş qaytarır hər gün ovcumu.
Mənim bu dünyaya bir can borcumu
Ödəmir yüz cürə fikir, İlahi.
Gözəl bənddir. Görəsən, həyatdan, yaşadığı cəmiyyətdən gələn “ağrıların qəfil hücumu” şairi daha çox sarsıdır, yoxsa könlündən keçən ağrıların asta-asta sümüyə yeriyərək açdığı izlər? Əslində isə mövcud həyat şərtlərinin diqtə etdiyi ağrılarla şairanə duyğuların yuva bağladığı ürək ağrıları bir-birini tamamlayır. Bir də o ağrılarla bərabər “ovcunu boş qaytaran göylərin” verdiyi ağrılar da var. Və bu ağrılar içində qıvrılan şairin “bu dünyaya bir can borcunun olması” da var. Bu ağrıları aradan qaldırmağın da, bir can borcunu ödəməməyin də çarəsi “yüz cürə fikir” çəkməkdə deyil. Bunu ağrılar içində çırpınan şair də gözəl bilir, “elmi hər şeyi əhatə edən Rəbb də” (“Ənam”, 80).
Gözü, könlü tox olan şair, nə yaxşı ki, bu ağır mənəvi, psixiloji durumdan çıxış yolu kimi Allah Təalaya sığınmağı, insandan yox, Ondan imdad diləməyi lazım bilir.
Şeirin birinci və ikinci bəndləri ilə üzvi şəkildə bağlanan üçüncü bənddə də şair günlərinin xoş keçməməsini, bəxtinin üzünə gülməməsini səbr və təmkinlə qarşılayır, Allaha təvəkkül etməyə qərar verir.
Günlərim öyrəşib xətrimə dəyə,
Əlim də gəlmir ki, bəxtimi döyə.
Şumlanmış ürəyim münbitdir deyə,
Zaman dərdi orda əkir, İlahi.
Qoşmanın üçüncü və dördüncü misralarında söylənilən “ürəyin dərd əkilən şumlanmış torpaq olması” fikri xalq ədəbiyyatından, xüsusən bayatılardan gələn oxşar fikir və düşüncələrlə yaxından səsləşir. Bu da S.İbrahimlinin folklordan da məharətlə bəhrələndiyini və həmin baza üzərində böyüdüyünü, inkişaf etdiyini təsdiq edir.
Saf xarakterə, təmiz əxlaqa malik olan insan mümkün qədər and içməməlidir, əgər and içməyə vadar olarsa, o zaman yalnız Uca Yaradana and içməlidir. Dördüncü bənddə şair Allah Təalaya and içərək hansı amallar uğrunda yaşadığı və mübarizə apardığı haqqında məlumat verir. Onun məqsədi, həyat amalı təmiz, ləyaqətli bir ömür yaşamaqdır və bu yaşayış tərzində yemək, içmək, geymək əsas qayə deyil. Şairin niyyəti Əlahəzrət sözün keşiyində durmaqdır, İlahidən ona verilən söz – poeziya çələngini xalqa təqdim etməkdir. Şeiriyyət uğrunda, sənət yolunda uzun illər can qoyan söz sərrafı bu uzun və məşəqqətli yolda yorulmuşdur. Bəs bu yorğun yolçuya kim kömək edə bilər? Heç kim! Bax şairlərin bəlası, dərdlərinin əlacsızlığı burada aydın görünür. Söz xalqın ən böyük mənəvi sərvətidir və bu sərvəti yaşadan, zənginləşdirən qələm sahibləridir. Elin ruhunu, könlünü, tarixini bədii söz vasitəsi ilə yaşadan şairlərə həyat yollarında Əcəldən başqa köməkdarın olmaması yalnız şairlərin faciəsi deyil, milli düşüncə daşıyıcısı olan hər kəsin faciəsidir. Bu faciə belə paradoksal hallarda milli faciə səviyyəsinə yüksəlir.
Vallah, yaşamadım yeməkdən ötrü,
Can qoydum sözümü deməkdən ötrü.
Əcəl mən yorğuna köməkdən ötrü,
Quş olub yoluma səkir, İlahi.
“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamşıdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!” (“Hədid”, 22).
“Qurani-Kərim”də deyilən bu böyük dəyərli ayə ilə səsləşən hikmət yüklü bir qənaətə “Kitabi-Dədə Qorqud”da da rast gəlirik: “Əzəldən yazılmasa, qul başına qəza gəlməz”.
Şeirin son bəndində şair keçdiyi ağrılı-ağrısız, acılı-şirinli həyat yolunu yenidən nəzərdən keçirərək olmuşların, olacaqların Allah Təalanın iradəsi ilə baş verdiyinə inam bəlsədiyini bildirir. Hər bir insanın ona verilən qismət, yazılan alın yazısı əsasında fəaliyyət göstərdiyinə inanır. Haqqın, ədalətin önündə baş əymək, qanunların ali dəyərlərini qorumaq insan övladına şərəf, şan, hörmət gətirər. Bu ali dəyərləri yaşatmaq və gələcək nəsillərə ötürmək ilk növbədə elm, sənət adamlarının, ziyalıların əsas işi olmalıdır. Belə bir missiya daşıyıcısı olan Sahib İbrahimli “İlahi” rədifli qoşmasını məhz İlahi dəyərlərə uyğun şəkildə də tamamlamışdır:
Alın yazım imiş yaxşı da, pis də,
Baş əydim haqq adlı heykələ, büstə.
Sahib şeir yazmır, ağ vərəq üstdə
Ömrünün şəklini çəkir, İlahi.
Şeirin son bəndinin son iki misrasında şairin gəldiyi ümümi nəticə təkcə S.İbrahimliyə ünvanlanmamışdır. Bütün şairlər “ağ vərəq üstündə öz şəkillərini çəkirlər” – özlərinin ürəyinin və beyninin məhsulunu xalqa təqdim edirlər. Şairi tanımaq üçün onun ziyarətinə getməkdənsə, onun şeirləri ilə dərindən tanış olmaq daha yaxşıdır. Əgər özünə şair deyənlərin hamısı öz şeirləri ilə öz ömürlərinin, həyatlarının şəkillərini çəkdiklərini bilsəydilər, çoxları kağız-qələmlə oynamağı, baş girləməyi buraxıb ciddi bir işin qulpundan yapışardılar. Digər sənət adamları da öz işləri ilə öz şəkillərini çəkirlər və bu şəkillər ilə də haqq-hesab gününə doğru gedirlər. Şəkillər burada əməllərin təmsilçisi kimi görünür.
Qoşma şəklində yazılmlş “İlahi” rədifli bu şeirin bədii məziyyətləri də yüksəkdir. Şeirdə metafordan (ağrıların hücumu, günlərin xətrə dəyməsi...) və obrazlılıq yaradan digər təsvir və ifadə vasitələrindən məharətlə istifadə edilmişdir. Şeirin bütün bəndləri və misralarında təqti – misradaxili bölgü 6 + 5 şəklindədir. Bu da əsərin vahid ritmlə oxunuşunu, səslənişinin gözəlliyini təmin edir.
Həyatının da, yaradıcılığının da, həm məhsuldar, həm də müdriklik dövrünü yaşayan şair, dramaturq, ədəbiyyatşünas alim Sahib İbrahim oğlu Axundova yeni yaradıcılıq uğurları arzulayıram.
P.S. Sahib İbrahimlinin 2011-ci ildə çap olunmuş “İmzamı dünyaya nahaq gətirdim” adlı şeirlər kitabını oxuduqdan sonra bu şeirlərdən aldığım təəssüratımı “Deyişmə-dərdləşmə” adlı bir şeirimdə qələmə alaraq həm onun “şair ömrü yaşamağın çətin olduğu” fikrini bəyəndim, həm də “imzasının dünyaya nahaq gətirdiyi” fikrinə etiraz etdim. Hər imzanın bu həyatda öz yeri var. Sahib İbrahimlinin də imzasının məxsusi yeri. Bu yazımı da adı çəkilən şeirimin son bəndi ilə tamamlamaq istəyirəm:
Ocaq edər külə, közə sahiblik,
Dağlar yal-yamaca, düzə sahiblik.
Edirsən Gəncədə sözə sahiblik,
Bədii söz, elmi iş yetirmisən,
İmzanı dünyaya haq gətirmisən.
Salman Qaralar (Balakişiyev)
Şair, tədqiqatçı