Müşavir: Müstəmləkəçilik müxtəlif formalarda insanların layiqli mənzilə sahib olmasının qarşısını alıb Hadisə

Müşavir: Müstəmləkəçilik müxtəlif formalarda insanların layiqli mənzilə sahib olmasının qarşısını alıb

“Müstəmləkəçilik müxtəlif formalarda insanların layiqli mənzilə sahib olmasının qarşısını alıb. Bu, Karib hövzəsində bir cür, Latın Amerikasında başqa cür, Afrikada isə tamamilə fərqli şəkildə özünü göstərə bilər”.

APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən WUF13 çərçivəsində “Müstəmləkə idarəçiliyinin yaratdığı ədalətsizliklər və mənzil böhranı” tədbiri çərçivəsində jurnalistlərə açıqlamasında Sent-Vinsent və Qrenadinin hökumət başçısının müşaviri Byron-Cox Riçard Antoni Beresford deyib.

O bildirib ki, nəticə eynidir: “İnsanlar bütün dünyada əziyyət çəkirlər. Məsələn, Karib hövzəsində ən yaxşı evlər müstəmləkəçilər üçün ayrılırdı. Buna görə də sonradan müstəqillik qazanan ölkələrin həll etməli olduğu çoxlu problemlər yarandı. Bu problemlərdən biri də mənzil məsələsidir. Əvvəla, bunun üçün resurslar, yəni pul lazımdır. Bundan əlavə, mühəndislik biliyi, təcrübə və peşəkar biliklər lazımdır. Həmçinin torpaq lazımdır, çünki evlər torpaq üzərində tikilir. Adətən müstəmləkə cəmiyyətlərində, xüsusilə mənim gəldiyim cəmiyyətdə torpaqlar müstəmləkəçilərin əlində olurdu. Yəni məsələ sadəcə insanları yerləşdirmək üçün bina tikmək deyil. Bu, daha mürəkkəb məsələdir. Məhz buna görə bu konfrans vacibdir. Tutaq ki, Çaddan, Efiopiyadan və ya başqa bir ölkədən biri gəlir və deyir: “Bizim problemimiz bu idi və biz onu belə həll etdik”. Sonra Karib hövzəsindən biri gəlir və deyir: “Bizdə də problem eyni idi, amma biz bunu belə həll etdik”. Daha sonra, məsələn, Sudandan biri çıxıb deyir: “Biz isə bu üsulla həll etdik”. Mən demək istəyirəm ki, problemlərin həlli üçün müxtəlif yanaşmalar mövcuddur və biz bir-birimizdən öyrənə bilərik. İnsanların bir araya gəlməsi üçün isə kimsə bu prosesi təşkil etməlidir, insanları toplamalıdır”.

Beresford bu mötəbər tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib: “Azərbaycan da bizi bir araya gətirib. Bu baxımdan, çox faydalı bir təşəbbüsdür. Bundan əlavə, başa düşmək vacibdir ki, bizim həll etməyə çalışdığımız məsələ yaşlı insanların deyil, gənclərin gələcəyidir. Burada gənc və yaradıcı düşüncələr bir araya gələrək bu problemi həll etməyə çalışırlar. Bəzi insanlar deyirlər ki, konfranslarda insanlar sadəcə danışırlar. Bu isə böyük səhvdir, çox ciddi səhv. Çünki bir problem olanda iki yol var: ya oturub danışaraq onu həll etməyə çalışırsan, ya da mübarizə aparırsan. Siz hansını seçərdiniz — danışmağı, yoxsa mübarizə aparmağı? Bu, cavablandırmalı olduğumuz ilk sualdır. İkinci sual isə budur: sizcə, bu problemlərin bütün cavablarını təkcə siz və ya mən bilirikmi? Məncə, yox. Ona görə də bir araya gələndə sən öz fikirlərini gətirirsən, mən öz fikirlərimi gətirirəm. Üçüncüsü, birlikdə olduğumuz zaman aramızda körpülər qurmağı, bir-birimizə dəstək verməyi öyrənirik. Bunlar çox vacib məsələlərdir və məhz buna görə bu konfrans əhəmiyyətlidir”.