Moody’s: Geosiyasi risklərə baxmayaraq, Azərbaycan və regionun bank sektorunda sabitlik qorunacaq İqtisadiyyat

Moody’s: Geosiyasi risklərə baxmayaraq, Azərbaycan və regionun bank sektorunda sabitlik qorunacaq

Yaxın Şərqdə artan geosiyasi gərginliklərə baxmayaraq, Qafqaz və Mərkəzi Asiya (CAC) ölkələrinin bank sistemləri üçün makromaliyyə şəraitin sabit qalacağı gözlənilir.

“APA-Economics” xəbər verir ki, bu barədə “Moody’s Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib.

Agentliyin qiymətləndirməsinə görə, CAC regionunda iqtisadi artım tempi digər regionlarla müqayisədə ən yüksək olaraq qalır və bu, bank sektorunun fəaliyyətini dəstəkləyən əsas amillərdən biridir.

Moody’s bildirib ki, Azərbaycan da daxil olmaqla region ölkələrinin Yaxın Şərqə iqtisadi asılılığı məhduddur. Təqdimatda qeyd olunub ki, Azərbaycan və digər CAC ölkələri Körfəz Əməkdaşlıq Şurası (GCC) ölkələrindən hidrokarbon idxal etmir, bu ölkələrlə ticarət əlaqələrinin həcmi isə aşağı səviyyədədir.

Agentliyin məlumatına görə, Azərbaycanın GCC ölkələrindən mal idxalının ümumi idxaldakı payı 1%-dən azdır ki, bu da Yaxın Şərqdə mümkün iqtisadi şokların ölkəyə birbaşa təsirini məhdudlaşdırır.

Moody’s həmçinin vurğulayıb ki, regionun maliyyə göstəriciləri 2022-2023-cü illərlə müqayisədə daha güclü olaraq qalır. Bank sistemlərində kapital adekvatlığı, likvidlik və aktiv keyfiyyəti göstəriciləri sabit səviyyədədir.

Agentliyin fikrincə, enerji qiymətlərinin artması neft və qaz ixracatçısı olan Azərbaycan üçün əlavə fiskal gəlirlər yarada və ölkənin xarici mövqeyini daha da gücləndirə bilər.

"Azərbaycanın yüksək strateji valyuta ehtiyatları və güclü xarici balansı qlobal geosiyasi risklər fonunda maliyyə sabitliyini dəstəkləyən əsas amillərdən biridir" - Moody’s əlavə edib.