“ABŞ və İran münasibətlərində tam normallaşma qısa müddətdə real görünmür” Gündəm

“ABŞ və İran münasibətlərində tam normallaşma qısa müddətdə real görünmür”

“ABŞ-nin İranla danışıqlar çərçivəsində irəli sürdüyü 5 əsas şərtin qəbul olunub-olunmayacağı məsələsi tərəflərin strateji maraqları ilə birbaşa bağlıdır. İranın bu şərtləri tam şəkildə qəbul etməsi hazırkı siyasi reallıqda yüksək ehtimal kimi görünmür. Çünki Tehran uzun illərdir öz xarici siyasətində suverenlik, regional təsir imkanları və təhlükəsizlik məsələlərini əsas prioritetlərdən biri hesab edir. ABŞ tərəfindən irəli sürülən tələblər İranın nüvə proqramı, regional fəaliyyəti və təhlükəsizlik siyasəti ilə bağlı məhdudiyyətləri əhatə edirsə, Tehran bunları birbaşa milli maraqlara təsir edən məsələlər kimi qiymətləndirə bilər”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.

E.Telmanoğlu bildirib ki, bununla yanaşı, İranın şərtlərin müəyyən hissəsi ilə bağlı kompromisə getmək ehtimalı tam istisna edilmir: “Xüsusilə iqtisadi sanksiyaların yumşaldılması və beynəlxalq iqtisadi münasibətlərin genişləndirilməsi perspektivi İran üçün mühüm stimul ola bilər. Ölkənin iqtisadi vəziyyəti, daxili sosial-iqtisadi çağırışlar və regional geosiyasi balans da qərarların qəbulunda təsirli amillərdən hesab edilir. Prosesin inkişafı ilə bağlı bir neçə mümkün ssenari mövcuddur. Birinci ssenari məhdud razılaşma modelidir, tərəflər bütün məsələlər üzrə deyil, yalnız müəyyən istiqamətlər üzrə anlaşmaya nail ola bilərlər. İkinci ssenari uzunmüddətli və mərhələli danışıqlar prosesidir. Bu halda tərəflər qarşılıqlı güzəştlər əsasında addım-addım irəliləməyə çalışa bilərlər. Üçüncü və daha mürəkkəb ssenari isə danışıqların nəticəsiz qalması və tərəflər arasında gərginliyin artmasıdır”.

O əlavə edib ki, hazırkı geosiyasi vəziyyət göstərir ki, ABŞ və İran münasibətlərində tam normallaşma qısa müddətdə real görünmür: “Lakin tərəflərin açıq qarşıdurma riskini azaltmaq üçün dialoqu davam etdirməsi daha ehtimal olunan istiqamət hesab edilə bilər. Nəticə etibarilə prosesin taleyi yalnız irəli sürülən şərtlərdən deyil, həm də regional hadisələrin inkişafından və beynəlxalq güclərin mövqeyindən asılı olacaq. Bu isə ABŞ-İran siyasi qarşıdurmasının yaxın gələcəkdə həllinin görsənmədiyinə dəlalət edir”.

Röya İsrafilova