Aydın Kərimov: Şuşada 27 tarixi abidə bərpa edilib, 15-nin konservasiyasına başlanılacaq Hadisə

Aydın Kərimov: Şuşada 27 tarixi abidə bərpa edilib, 15-nin konservasiyasına başlanılacaq

Son 5 ildə Qarabağda və Şərqi Zəngəzurda çox böyük bərpa və quruculuq işləri aparılır.

APA xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, Şuşa şəhəri azad olunduqdan dərhal sonra orada bərpa-quruculuq işləri başlanıb və bu, son bir neçə ildə çox sürətlə inkişaf edib: “Biz Şuşa azad olunana - 8 noyabra qədər bu gözəl şəhərdən məhrum olmuşduq. Amma biz Şuşanı azad etdik, erməni işğalçıları şəhərdən qovuldu. Bütün azad olunmuş ərazilərdə işğalın fəsadları göz qabağındadır. Dünyada son vaxtlar belə ağla gəlməyən miqyasda dağıntı baş verməmişdi, şəhərlər, kəndlər darmadağın edilmişdi. Ən çox zərər Şuşaya dəymişdi, onun mədəni irsi məhv edilmişdi. Ərazidə Kiçik Qafqazın ekoloji balansı tam pozulmuşdu. Ərazidə yenidənqurma işləri aparılarkən biz bunun canlı şahidi olmuşuq. Bütün bu dağıntılar və işğalın barbarlıq nümunəsi kimi dünyada görünməmiş hadisə idi. Bunlar döyüş əməliyyatları nəticəsində dağılan şəhərlər deyildi, düşünülmüş şəkildə Azərbaycanın mədəni irsini məhv etmək cəhdi kimi qiymətləndirilməlidir”.

Aydın Kərimov qeyd edib ki, bu günə qədər Şuşada 27 tarixi abidə, o cümlədən məscidlər bərpa edilib.

O əlavə edib edib ki, bu işlər davam edəcək: “Təkcə bu il 15 tarixi abidənin konservasiya işlərinə başlayacağıq. Bu, çox mühüm layihələrdir. Bundan başqa bir neçə abidənin, o cümlədən Xan qızı Natəvanın abidəsinin layihələndirmə işlərinə başlanılacaq”.