10:38
525
Avropada 1 milyondan çox insan, o cümlədən 400 min uşaq evsizdir.
“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Qlobal Mənzil Böhranı – Plan Nədir?” adlı sessiyaya videomüraciətində Avropa Komissiyasının mənzil məsələləri üzrə komissarı Dan Jorgensen deyib.
Onun sözlərinə görə, mənzil problemi təkcə yaşayış sahəsi ilə bağlı deyil, həm də ləyaqət, sosial ədalət və insanların təhlükəsiz mühitdə yaşamaq hüququ məsələsidir.
Dan Jorgensen bildirib ki, mənzil böhranı sosial birliyə zərbə vurur, əmək bazarında mobilliyi məhdudlaşdırır, təhsilə çıxışı çətinləşdirir və gənclərin ailə qurmasını gecikdirir.
Komissarın sözlərinə görə, Avropa İttifaqında 1 milyondan çox insan, o cümlədən 400 mindən çox uşaq evsizdir və bu göstərici qəbuledilməzdir.
O qeyd edib ki, Avropa İttifaqı tarixində ilk dəfə olaraq hamı üçün mənzil təminatına yönəlmiş Avropa Əlçatan Mənzil Planı hazırlanıb.
Plan çərçivəsində münasib qiymətli, enerji səmərəli və keyfiyyətli mənzil fondunun artırılması, investorların cəlb olunması və uzunmüddətli islahatların həyata keçirilməsi nəzərdə tutulur.
Dan Jorgensen əlavə edib ki, Avropa ölkələri, şəhərləri və regionları arasında təcrübə mübadiləsini gücləndirmək məqsədilə yeni Avropa Mənzil Alyansı yaradılır.
“Dünyada milyonlarla insan mənzil probleminin həllini gözləyir. Bu cavabı birlikdə verməliyik”, – deyə o vurğulayıb.