Minskdə Hüseyn Cavidin 135 illik yubiley gecəsi keçirilib Mədəniyyət

Minskdə Hüseyn Cavidin 135 illik yubiley gecəsi keçirilib

Minsk Dövlət Linqvistik Universitetinin konfrans zalında keçirilən Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, görkəmli şair və dramaturq Hüseyn Cavidin 135 illik yubiley gecəsi keçirilib. Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, yubiley gecəsi Azərbaycanla Belarus arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyi ilə əlaqədar səfirlik tərəfindən il ərzində keçirilməsi planlaşdırılan tədbirlər çərçivəsində baş tutub.
Yubiley gecəsində Belarus Yazıçılar İttifaqının sədri Nikolay Çerqinets, Belarusda səfərdə olan Azərbaycan Dillər Universitetinin rektoru, Elmlər Akademiyasının müxbir üzvü Kamal Abdullanın başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycan şairlərinin şerlərini Belarus dilinə tərcümə edən Belaruslu şairə-tərcüməçi Tatyana Sivets, Belarusun Azərbaycandakı keçmiş səfiri Nikolay Patskeviç, Çin, Türkiyə, Qırğızıstan, Türkmənistan və Moldovanın Belarusdakı səfirləri, BMT-nin Beynəlxalq Miqrasiya Komitəsinin Belarusdakı nümayəndəliyinin rəhbəri, Belarusun Mədəniyyət nazirliyinin əməkdaşı və yerli KİV-nin nümayəndələri və iştirak ediblər. Tədbirdən öncə Azərbaycan Dillər Universiteti ilə Minsk Dövlət Linqvistik Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Səfir Lətif Qəndilov böyük ədib Hüseyn Cavidin həyat və fəlsəfi baxışları ilə bağlı çıxış edərək, sevginin, gözəlliyin və mənəvi saflığın carçısı olan Cavidin xalqımızın milli düşüncə tərzinin formalaşdırılmasında dərin izlər buraxdığını vurğulayıb. O, bildirib ki, H.Cavid öz əsərlərində yalnız islam dünyasına aid olan məsələləri deyil, həm də ümumbəşəri məsələləri qaldıraraq, qoca Şərqin müdrikliklərini açıb göstərə bilmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən hələ 1982-ci ildə H.Cavidin qəbrinin Sibirdən Azərbaycana gətirilərək Naxçıvanda dəfn olunması milli mədəniyyətimizin tarixinə böyük hörmət və ehtiramın əlaməti olduğu qeyd edilib. Milli ənənələrə və dəyərlərə sadiq olan Prezident İlham Əliyev H.Cavidin 135 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı sərəncam imzaladığı iştirakçıların diqqətinə çatdırılıb.
Belarus Yazıçılar İttifaqının sədri N.Çerqinets çıxışı zamanı Azərbaycan xalqının beynəlmiləlçiliyə və ümumbəşəri dəyərlərə sadiq olduğunu qeyd edərək, H.Cavid yaradıcılığının fəlsəfi aspektlərinə toxunub. Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla çıxış edərək H.Cavidin yaradıcılığında Azərbaycan xalqının mənəvi dəyərlərindən olan tolerantlığın və multikultiralizmin öz əksini tapdığını bildirib. Belaruslu şairə-tərcüməçi Tatyana Sivets Hüseyn Cavidin Belarus dilinə yeni tərcümə etdiyi şerlərini oxuyub. Belarusun Azərbaycandakı keçim səfiri Nikolay Patskeviç çıxış edərək Azərbaycanda işlədi dövrün onun üçün unudulmaz olduğunu və bu illərdə Azərbaycan xalqının mədəniyyətini və incəsənədini sevdiyini bildirib. Sonra səfirlik əməkdaşlarının, Azərbaycan diasporunun üzvlərinin və Universitetin tələbələrin ifasında tədbir iştirakçılarına H.Cavidin rus dilinə tərcümə edilmiş şerləri təqdim edilib. Minsk Dövlət Linqvistik Universitetinin azərbaycanlı tələbəsi Lamiyə Əlbabayeva "Sarı gəlin" mahnısını ifa etdikdən sonra, Minskdə fəaliyyət göstərən "Sarı gəlin" rəqs qrupu "Azərbaycan maralı" rəqsini təqdim edib. Sonda Belarus Prezident simfonik orkestrinin bir qrup solistlərinin canlı ifasında Üzeyir Hacıbəylinin, Niyazinin, Tofiq Quliyevin, Sultan Hacıbəyovun əsərlərindən ibarət klassik musiqi nümunələri qonaqlara təqdim edilib. Diplomatik münasibətlərin 25 illiyi çərçivəsində Səfirlik tərəfindən dahi Azərbaycan bəstəkarı Q.Qarayevin 100 illiyi və Novruz Bayramına həsr olunmuş tədbirlərin keçirilməsi, xatirə nişanlarının və xüsusi poçt markasının buraxılması planlaşdırılır. Tədbir Belarusun yerli KİV-də geniş işıqlandırılıb.