Balkanlarda Türk ədəbiyyatının təbliğçisi Mədəniyyət

Balkanlarda Türk ədəbiyyatının təbliğçisi

Fahri Kaya şeir və hekayələrlə yanaşı davamlı elmi-publisistik məqalələr də yazıb

Yuqoslaviya Federasiyası dağıldıqdan sonra Makedoniya Respublikası da müstəqillik əldə etdi. Onun paytaxtına Türklər Üsküp, Avropalılar Skopiya deyir. 4 il öncə Üsküpdə Fahri Kayanın 80 illik yubileyi təntənə ilə qeyd edildi, ona Türk dilinə, mədəniyyətinə etdiyi xidmətlərə görə "Türkçəm" dərgisinin mükafatı verildi.
Fahri Kaya 1930-ci ilin iyun 15-də Balkan Türklərindən Mustafa Əfəndinin ailəsində dünyaya gəlib. Mustafa Əfəndi Kumanova kəndində Türkcə "İşıq" adlı ibtidai məktəbi açmış və iki il həmin məktəbə müdirlik etmişdi. Fahri kiçik yaşlarında Muqəddəs Xocanın açdığı məktəbə Quran oxumağı və islamın ilk təməllərini öyrənib. Sonra atasının müdir olduğu "İşıq" məktəbində təhsilini davam etdirib. Doğulduğu Kumanov kəndi bolqarlar tərəfindən işğal edildikdən sonra məktəbdə təhsil bolqar dilində aparıldığından Fahri də bolqarca oxumaq məcburiyyətində qalıb. 1944-cü ilin sonunda bolqarlar ölkəni tərk etməli olduqda məktəbdə dərslər makedonca keçilməyə başlayıb. Fahri bu dəfə də makedonca təhsilini davam etdirib. 16 yaşına çatanacan Fahri 4 dildə təhsil almalı və bu dilləri öyrənməli olub. 1946-ci ildə ailələri Üsküpə köçüb. Burada atasının açdığı Türk məktəbləri üçün müəllim hazırlayan pedaqoji kurslarda təhsilini davam etdirib və Türk dili və ədəbiyyatı müəllimi ixtisası qazanıb.
Fahri Kaya Təhsil Nazirliyinin təyinatı ilə 1946-cı ilin oktyabrın 1-də Kocana rayonunun yetmiş evlik Yakimova kəndinə müəllim işləməyə göndərilib. Kənddə məktəb olmadığından 16 yaşlı Fahri hər şeyi sıfırdan başlamalı olub. Məscidin yanında, kənd camaatının toplandığı yeri məktəbə çevirib. İşə canı-dildən girişdiyini görən kəndlilər də ona yaxından kömək ediblər. Sonra məktəb üçün bina ayrılıb. Beləcə gənc Fahri 4 il burada müəllim işləyib. Yaşlı çağlarında yazdığı xatirələrində və mətbuata verdiyi müsahibələrində bu 4 ili Belqrad Universitetində oxuduğu 4 ildən daha önəmli sayıb.
Çünki Fahri Kaya burada kəndlilərlə qaynayıb-qarışıb, yaşlılar üçün oxuma-yazma kursları açıb, fəaliyyət dərnəyi, futbol komandası yaradıb. 1950-ci ildə Türklərin İştipdə təşkil edilən ilk folklor festivalında onun şagirdləri də iştirak edib və mükafata layiq yer tutub. Qaynar bir həyat yaşayan Fahri Kaya qiyabi İştipdəki Makedon müəllimlər məktəbini bitirib.
Fahri 1950-ci ildə Üsküp Unversitetinin filologiya fakültəsinə qəbul olunsa da təhsilini Belqrad Unversitetinin filologiya fakültəsinin şərqşünaslıq şöbəsində davam etdirib. Buradakı Ədəbiyatçılar klubuna üzv olub. İctimai fəallığını nəzərə alaraq onu filologiya fakültəsinin tələbələr birliyinə sədr seçiblər. Unversiteti bitirdikdən sonra Üsküpə dönüb. Yeniyetməliyindən məqalələrini çap etdirdiyi "Birlik" qəzetində işləmək istəyib. Lakin bu mümkün olmadıqda 1954-cü ilin sentyabrından Üsküp radiosunda uşaq verlişləri hazırlamağa başlayıb. Onun bir uşaq ədibi kimi formalaşmasında Üsküp radiosunun rolu böyük olub.
Radioda verilişlərini davam etdirməklə yanaşı 1956-ci ildə Necati Zekeriyanın redaktorluq etdiyi "Sevinc" jurnalında işləməyə başlayıb. Həmin illərdə "Sevinc"in əlavəsi kimi "Tumurcuq" adlı yeni bir uşaq jurnalı da nəşrə başlayıb. Fahri Kaya bu jurnalın yaranmasında və oxucu toplamasında əlindən gələni əsirgəməyib. Onu da qeyd edək ki, bu jurnallar Azərbaycandakı uşaq jurnalı "Göyərçin"lə səmərəli iş birliyi yaratmışdılar. Həmin jurnallarda Azərbaycan ədiblərinin uşaqlar üçün yazdıqları əsərlər çap olunduğu kimi, "Göyərçin"də də Balkan Türklərinin uşaqlar üçün yazdıqları şeir və hekayələr çap olunmuşdu.
"Sevinc" və "Tumurcuq" jurnallarının ən fəal əməkdaşlarından olan Fahri Kayanın vəzifəsi 1958-ildə ixtisara salınıb.
Fahri Kaya "Birlik" qəzetində işləməyə gəlsə də, uşaqlar üçün şeir və hekayələr yazmasını, tərcümələr etməsini davam etdirib. Qəzetdə mədəniyyət şöbəsinin müdiri kimi işə başlayan Fahri Kaya bir neçə il sonra redaktor müavini və redaktor vəzifəsinə irəli çəkilib. Beləcə 11 il "Birlik" qəzetində işləyib.
Hökumətin sosializm quruculuğu adı altında milli ayrıseçkilik siyasəti yeritməsinə, milli və dini ayrıseçkiliynə dözə bilməyən Türklər ata-baba yurdlarını tərk edərək Türkiyəyə köçməyə başlayıblar. Ölkədə yaşayan Türklər arasında kadr çatışmazlığı yaranıb. Orta məktəblər, texnikumlar müəllimsiz, kəndlər həkimsiz qalıb. Fahri Kaya qəzetdə müxtəlif vəzifələrdə işləsə də, 1955-1965-ci illər arasında "Tefeyyüz", "Nikola Karev" texnikumlarında və Üsküpdəki Ali Pedaqoji məktəbdə saat hesabı Türk dili və ədəbiyyatı dərsləri müəllimi işləyib. Dərslik çatışmazlığı problem yaratdığını gördüyü üçün əvvəlcə Necati Zekeriya ilə birlikdə, sonra isə təkbaşına Makedonya və Kosovadakı Türk məktəbləri üçün kitablar və metodik vasitələr hazırlayıb.
1969-cu ildə onu rəhbər vəzifəyə irəli çəkiblər. 20 ildən çox Makedonyada rəhbər vəzifələrdə çalışsa da bədii və elmi yaradıcılığını davam etdirib.
Fahri Kaya birinci şeirlər kitabını "İlk addımlar" adlandırıb. Bu kitab İkinci Dünya savaşından sonra Yuqoslaviyada Türk dilində uşaqlar üçün yazılmış və çap olunmuş ilk kitab olub. Müəllifin "Köyden sesler" (1958), "Hoşça kalın" (1965) ve "Çocuk rüyaları" (1991) şeir kitabları uşaqların dünygörüşünün formalaşmasına, onların estetik tərbiyəsinə nə dərəcədə təsir göstəribsə, "Güle güle" (1978) və "Küçük hanım" (1997) və b. hekayələr kitabları da dillərinin zənginləşməsinə, vətənsevər və humanist ruhda böyümələrinə bir o qədər təsir göstərib. Fahri Kayanın uşaq hekayələri 2001-ci ildə Ankarada Milli Egitim Bakanlığı tərəfindən yenidən çap olunub.
Ədib "İkindi güneşi" adlı kitabına daxil etdiyi hekayələrində doğulduqları torpaqlarda yaşamaqdan və ölməkdən məhrum edilmiş, ata-babalarının qəbirlərini qoyub köçmək məcburiyyətində qalmış insanların ağrı-acılarını təsvir edib. Hekayələrin bir çoxu makedoncaya və ingiliscəyə çevrilərək çap olunub.
Fahri Kaya şeir və hekayələrlə yanaşı davamlı elmi-publisistik məqalələr, teatr tamaşaları haqqında maraqlı resenziyalar da yazıb.
Onun elmi araşdırmalarının əsas mövzusu Balkanlarda Türk varlığı olub. Mənbələri, arxiv sənədlərini araşdıraraq bölgədəki Türklərin unutdurulmağa çalışdırılan tarixini işiqlandırıb və bu məqalələrini yalnız ana dilində deyil, yüzillər boyu birgə və mehriban qonşuluq şəraitində yaşadıqları xalqların dillərində də çap etdirib. Sonra da bu yazılarını "Seçme yazılar" (1994), "Makedonyada iz bırakan Türkler" (2009) və "Gün bugün" (2010) kitablarına daxil edib.
Balkanlarda doğulub da Türkiyədə yaşamış və şöhrətlənmiş Yahya Kamal Bayatlı və Sabri Berkel, eləcə də kommunist Nazim Hikmət haqqında yazdığı məqalələr Fahri Kayanın həm də istedadlı bir ədəbiyyatşünas olduğundan xəbər verir.
Onun fəaliyyəti çoxsahəli olub. Belə ki, 1957-1995 illərdə Makedonya və Kosovada Türk məktəbləri üçün hazırlanan dərs kitablarının çoxunda onun imzasına rast gəlmək olur. Beşinci və altıncı siniflər üçün hazırladığı "Ədəbiyyata pəncərə", dördüncü sinif üçün "Ədəbiyyat", "Türkçe alıştırma defterleri" kitablarını yazmaqla yanaşı bir çox dərs kitablarını da Türkcəyə çevirmişdi. Onun çap etdirdiyi kitablar arasında "Makedon yazarlarının çocuklar için yazdıkları", "Türk masalları", Yuqoslavyadaki Türk yazıçılarından seçmələrdən ibarət "Gökkuşağı", "Yugoslavya Türk hikayesi" adlı antologiyalar da vardı.
Balkan ədəbiyyatını Türkiyədə tanıtmaq üçün İstanbulda "Eski Yuqoslavyada Çağdaş Tük Şiiri" (1992), Ankarada "Çağdaş Makedon Şiirleri" (1993), Yapı Kredi nəşriyyatında "Çağdaş Boşnak Edebiyatı" (1995) antologiyalarını çap etdirib.
İkinci Dünya Savaşından sonra Balkanlarda Türk ədəbiyyatının təbliğində də Fahri Kayanın rolu böyük olmuşdu. Yalnız onu demək kifayətdir ki, 70 yaxın Türk şairinin əsərini makedoncaya çevirərək nəşr etdirə bilmişdi. Fahri Kaya Balkanlarda və bütövlükdə Türk Dünyasında şəxsi çıxarlarını düşünmədən həyatını Türk dilinin, ədəbiyyatının, mədəniyyətinin yaşamasına, yeniləşməsinə sərf etmiş ziyalılarımızdandır.

Əli Şamil