“Əsrlərboyu ədəbiyyatın mərkəzində insan olub” Mədəniyyət

“Əsrlərboyu ədəbiyyatın mərkəzində insan olub”

Bu günlərdə Moskvada "Biznes-Dialoq Media" Nəşriyyat-Kommunikasiya Qrupunun baş direktoru, Moskva Vilayət Ticarət-Sənaye Palatasının işgüzar kommunikasiyalar və sosial innovasiyalar komitəsinin sədri, "Delovaya Rossiya" Ümumrusiya İctimai Təşkilatının Moskva vilayət bölməsində sosial layihələrin rəhbəri Mariya Suvorovskayanın "Xəzər üzərində yelləncəklər" kitabının təqdimatı böyük müvəffəqiyyətlə keçib. Müəllif AZƏRTAC-ın müxbiri ilə söhbətində başçılıq etdiyi şirkətin fəaliyyətindən və kitab üzərində işindən danışıb.
-Siz eyni zamanda Rusiya Ticarət-Sənaye Palatasında mediakommunikasiyalar sahəsində sahibkarlıq komitəsinin üzvüsünüz. Bu, ictimai vəzifədirmi?
-Mən özümü fəal həyat mövqeyi olan insan sayıram. Sözün düzü, bəzən gün ərzində işləri necə çatdırdığıma özüm təəccüblənirəm. Lakin insan özünü təsdiq etməyi bacarmalı, daim inkişafda olmalı, yeni nə isə kəşf etməlidir. Gördüyünüz kimi, hələ də özümdə yeni istiqamətlər kəşf edirəm. Zəmanəmizdə bir sosial rolu yaxşı oynamaq azdır. Həm nümunəvi ailə sahibi, həm yaxşı dost, həm də bacarıqlı işgüzar qadın olmaq lazımdır.
Əlbəttə, mediakommunikasiyalar sahəsində sahibkarlıq komitəsinin işində iştirakımı ictimai vəzifə adlandırmaq olar. Bu komitə təzə yaradılıb. Mən belə bir təsisatın yaradılmasını həmkarlarımla birlikdə hərtərəfli dəstəkləmişəm.
Mən sahibkarlığın KİV-lərə münasibətinin necə dəyişdiyini nümayiş etdirən komitənin əhəmiyyətini bir naşir kimi başa düşürəm. İndi informasiya siyasətinin regionların iqtisadi durumunda necə əks olunduğunu, bunun investisiyaların cəlb olunmasına və ayrı-ayrı sahələrin inkişafına necə təsir göstərdiyini sıx-sıx izləmək və görmək olar. Bu gün KİV-lər bütün iqtisadi dəyişiklikləri hiss etməkdə biznesə, biznesin ehtiyacları barədə danışmaqda hakimiyyətə kömək edir.
-Bu yaxınlarda sizin "Xəzər üzərində yelləncəklər" adlı kitabınızın təqdimatı oldu. Kitabı nə üçün belə adlandırmısınız?
-Mən Azərbaycanda çox olmuşam. Bunlar həm işgüzar, həm də adi həftəlik səfərlər olub. Bakı elə ilk görüşdən gözəlliyi və ab-havası ilə məni valeh etdi. Mən bu şəhərə sözün həqiqi mənasında vurğunam. Buna görə də yeni görüşləri səbirsizliklə gözləyirəm. Hər dəfə qarşıma çox maraqlı, xeyirxah və qonaqpərvər insanlar çıxır. Belə insanlar dünyanın heç yerində yoxdur. Onların düşüncələrini və əhvalatlarını bölüşmək istəyirsən.
Kitab yazmaq və nəşr etmək mənim üçün çox vacibdir. Bu, mənim çoxdankı arzumdur.
-Necə oldu ki, "Xəzər üzərində yelləncəklər" həqiqi məhəbbət haqqında povestə çevrildi?
-Bakıya gələndə sahil bağında oturub isti və günəşli gündən zövq alırdım. Təbim də məhz belə məqamlarda gəlirdi. Eşitdiyim əhvalatlar isə povestim üçün süjetə çevrildilər.
Mən heç vaxt özümü baş qəhrəmanla eyniləşdirməmişəm. Sadəcə Azərbaycanı necə görmüşəmsə, elə də təsvir etməyə çalışmışam. Azərbaycan elə bir yerdir ki, burada hər bir insan yeni qüvvə və ilham mənbəyi tapa bilər. Əlbəttə, süjet üçün bu azdır. Əsrlərboyu ədəbiyyatın mərkəzində insan olub. Məhəbbət isə yenə də kəşf edilməmiş bir müəmma olaraq qalır. Hətta indinin özündə də hər bir insan özünü bu qeyri-adi duyğuda tapmağa çalışır. Azərbaycan kimi məkanlar isə bu keşməkeşli yolda ona kömək edir.
İnanmaq istəyirəm ki, "Xəzər üzərində yelləncəklər" kitabı ölkənizi insanlara sevdirəcək. Onlar da Xəzərin sahilində oturmaq və mənim duyduqlarımı hiss etmək istəyəcəklər.
- Hansı yaradıcılıq planlarınız var və bu planlar Azərbaycanla bağlıdırmı?
-"Xəzər üzərində yelləncəklər" kitabının kiçik tirajla da olsa çapdan çıxmasının təkcə Rusiyada deyil, Azərbaycanda da belə əks-səda doğurması məni çox sevindirir. Mənə göstərdikləri dəstəyə görə Azərbaycanın ictimai xadimlərinə və KİV-lərinə ürəkdən təşəkkür etmək istəyirəm.
Bir neçə həftə ərzində oxuculardan xeyli rəy almışam. İnsanlar həqiqətən maraqlanır, fikir və təəssüratlarını bölüşürlər. Deməliyəm ki, hər rəydən sonra məndə yeni kitablar yazmaq istəyi yaranır.
Azərbaycanda kitabla çox maraqlanıblar. Buna görə də povestin Azərbaycan dilinə tərcüməsi məsələsi üzərində fəal çalışırıq. Başa düşürük ki, Azərbaycanda heç də hamı rus dilində danışmır. Odur ki, yazın sonu, yayın əvvəlində "Xəzər üzərində yelləncəklər" kitabının təqdimatını artıq Bakıda keçirəcəyik.