Kayseridə birliyə səsləyən beynəlxalq tədbir Mədəniyyət

Kayseridə birliyə səsləyən beynəlxalq tədbir

2019-cu il oktyabrın 10-12-də Türkiyənin Kayseri vilayətinin Develi ilçəsində “II Uluslararası Develi-Aşık Seyrani ve Türk Kültürü Kongresi” keçirilib. Bu il konfransın ev sahibi Develi Bələdiyyəsi olsa da, AMEA Folklor İnstitutu da təşkilatçılar arasında yer alıb. Türkiyədən, Azərbaycandan, Qazaxıstandan, Özbəkistandan, Əfqanıstandan, KKTC-dən, Belçika və Yunanıstandan gəlmiş 134 nəfər elm və 40 nəfər sənət adamının iştirak etdiyi toplantının açılışı Develi Bələdiyyəsinin “Develi Mustafa Aksu Kültür Mərkəzi”ndə olub.
Toplantını təşkilat komitəsinin sədri Rəcəb Özkan açıb, Develi Bələdiyyə başkanı Meh¬met Cabbar, Develi kaymakanı Murad Duru, Kayseri Universitetinin rektoru, prof. dr. Kurtuluş Karamustafa, Erciyes Universitetinin rektoru prof. dr. Mustafa Çalış, Kayseri Böyükşəhər Bələdiyyəsi başkanı Memduh Böyükkılıç, Ankara Hacı Bayram Vəli Universitetinin rektoru, Milliyətçi Hərəkət Partiyasından millətvəkili, prof. dr. Ruhi Ersoy çıxış ediblər.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun adından Dəvəli Bələdiyyə başkanı Mehmet Cabbara miniatür xalq çalğı alətləri dəsti, Folklor İnstitutunun nəşr etdiyi kitablardan nümunələr və aşıq musiqisi albomları hədiyyə olunub.
Konqresin açılışında Səlcuqlar dövrünün geyimləri nümayiş etdirilib, yerli musiqiçilərin təqdim etdiyi “Türk mədəniyyətində türkü və Kayseri-Develi türküləri” kompozisiyası (onu da qeyd edək ki, bu kompozisiyanın solisti Azərbaycan əsilli müğənni Halit Aydın idi), Özbəkistan Respublikasının Buxara şəhərindən gəlmiş müsiqişilərin ifasında xalq rəqsləri və AMEA Folklor İnstitutunun əməkdaşı Fəridə Mirişovanın ifasında vətənpərvərlik mahnıları maraqla qarşılanıb.
Nahardan sonra Hacettepe Universitetindən prof. dr. Mehmet Özün sədrliyi ilə keçən “Türk mədəniyyəti” adlı paneldə Erciyes Universitetindən prof. dr. Mustafa Ünal, Ankara Universitetindən prof. dr. Saadettin Gömeç, Erciyes Universitetindən prof. dr. Harun Ülgerin çıxışları dinlənilmişdir. Günortadan sonra konqres öz işinə səkkiz bölmədə davam edib.
Növbəti gün Kazım Qarabəkirin qızı Timsal Qarabəkir Yıldıranın “Sabahı unutma, gələcəyə haqqın olsun” mövzusunda çıxışı dinlənilib.
Bölmə iclaslarında AMEA Folklor İnstitutunun əməkdaşlarından fil.ü.f.d., dos. Ləman Süleymanova, fil.ü.f.d. Aynurə Səfərova, fil.ü.f.d., dos. Sönməz Abbaslı sədrlik etmişlər. Konqresdə fil.ü.f.d., dos. İlhamə Qəsəbovanın “Aşık geleneğinin günümüze taşınması yollarında usta-çırak ilişkisi”, fil.ü.f.d. Bənövşə Rzayevanın “Ululu Kerimin yaradıcılığında dini motivlər”, fil.ü.f.d., dos. Aynur İbrahimovanın “Koroğlu – Azərbaycan halk kahramanlık destanı”, fil.ü.f.d., dos. Aynurə Səfərovanın “Aşık seyrani şiirlerinde aşk kavramı”, fil.ü.f.d., dos. Sönməz Abbaslının “Karabağ aşık mühiti ilk mərhələdə”, Sevda Qasımovanın “Bekir Çobanzade Türk xalkları folklorunun kökeni hakkında”, fil.e.d. Ağaverdi Xəlilin “Aşık şeirində manevi deyer konseptleri”, fil.ü.f.d., dos. Elçin Abbasovun “Azerbaycan halk destanlarında kadın aşık tipi”, fil.ü.f.d. Gülsümxanım Hasilovanın “Bahtiyar Bahabzade yaradıcılığında tören folkloru”, fil.ü.f.d. Gülnar Osmanovanın “Eski Türk inançlarında sakral kültler və ongun karakterleri”, fil.ü.f.d., dos. Fidan Qasımovanın “Türk ve Kazak kültüründe konsolide kurallar”, fil.ü.f.d., dos. Ləman Süleymanovanın “Tamburçu Rahmanov Efgan Zeybeddin oğlunun edebi şahsiyeti”, Məhsəti Süleymanovanın “Gahac (qaxac) ve bağırsak dolmasından yapılan yemekler”, Fəridə Mirişovanın “Şirvan aşık sanatının hanendelik sanatıyla karşılıklı etkileşimi” mövzusunda çıxışları maraqla qarşılanıb.
Konqresin gedişi zamanı iştirakçılar 4 sərgi – Emrah Kaya: Unutulmuş Türk Çalğıları Sergisi, Mustafa Koç: Ressam Gözünden Develi Sergisi, Develi El Sanatları Sergisi ve Türksoy Türk Dünyası Resim Sergisi ilə tanış olublar.
AMEA Folklor İnstitutunun əməkdaşı Fəridə Mirişovanın qapanış toplantısında oxuduğu mahnılar, xüsusilə “Çırpınırdı Qara dəniz” mahnısı və Azərbaycanın üç rəngli bayrağını xatırladan geyimi iştirakçılar tərəfindən ayaq üstə alqışlanıb. Tədbirin son günü iştirakçılar “Develi Tanıtım Gezisi” proqramına qatılmış, Develinin qədim məhəllələrini, cami və türbələrini, Keyşin Havuzunu, “Sultan sazlığı” milli parkını, Böyükleğen Göletini və Çanakkale parkını ziyarət ediblər. AMEA Folklor İnsitutunun növbəti ildə üçüncüsü təşkil olunacaq “Develi-Aşık Seyrani ve Türk Kültürü Kongresi”də yenə təşkilatçı tərəflərdən biri kimi iştirakı qərara alınıb.