“Azərbaycanın qədim musiqi alətləri” Mədəniyyət

“Azərbaycanın qədim musiqi alətləri”

Beynəlxalq Muğam Mərkəzi muzey hissəsindən Azərbaycanın qədim musiqi alətləri ekspozisiyasında yer alan alətlər haqqında növbəti mühazirəni sosial şəbəkələrdəki hesablarından təqdim edib. Mühazirənin budəfəki buraxılışı ud alətinə həsr olunub. Məlumatı Azərbaycan Milli Konservatoriyasının Milli musiqi alətlərinin təkmilləşdirilməsi laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov təqdim edib.Ud Yaxın Şərq xalqlarının mizrabla çalınan ən qədim simli, dartımlı musiqi alətidir və Azərbaycanda geniş yayılıb. Orta əsrlərdə bütün Yaxın Şərq xalqları musiqisində udun tutduğu mövqe Avropa musiqisində klavesinin tutduğu yer qədər əhəmiyyətli olub.
Udun konstruksiyası zaman keçdikcə tez-tez dəyişdirilərək təkmilləşdirilib. Müasir ud 6 simli musiqi alətidir. Bunlardan 5 qoşa, altıncısı isə tək qoşulur. Simlərin düzülüşü və yerləşdirilməsi çox qəribədir: orta melodik, yəni musiqinin əsl havasını (modulyasiyasını) çalan simlər, yanlarından isə (hər iki tərəfdən dəm saxlayan) bəm (alikvot) simlər.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi elmi tədqiqat və araşdırmayönlü fəaliyyəti nəticəsində bu günə kimi dəyirmi masa layihəsi çərçivəsində muğam sənətimizin və musiqinin müxtəlif janrlarını əhatə edən, milli musiqi alətlərimizin tarixi və problemlərinə həsr olunan elmi-praktiki konfrans və müzakirələr keçirib.