Yeni dünya düzənində Fransa: müstəmləkəçilik siyasətinə son qoyulacaqmı? Gündəm

Yeni dünya düzənində Fransa: müstəmləkəçilik siyasətinə son qoyulacaqmı?

BMT-nin Afrika xalqlarının Daimi Forumunun Kolumbiyadan olan üzvü Pastor Martinez Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib ki, Afrikada imperialist və müstəmləkə siyasətinin qurbanlarının davam edən əzablarına son qoymaq lazımdır, onlar müstəmləkə zülmünün nəticələrini bu günə qədər yaşayırlar: “Afrika mənşəli insanlar müstəmləkəçilik, transatlantik qul ticarəti və imperializmi yaşayıblar. Onların nəticələri bu gün də hiss olunur. Bu gün isə biz miqrasiya böhranı, irqçilik, ksenofobiya, iqlim dəyişiklikləri, enerji keçidinin ədalətsizliyi, həmçinin süni intellektin mənfi və qeyri-etik istifadəsi kimi yeni çağırışlarla üzləşirik".

Fransanın müstəmləkəçilik siyasətinə son qoyulması mümkündürmü? Yeni dünya düzənində Fransanın ənənəvi siyasətini davam etdirmə perpektivi varmı? “Xalq Cəbhəsi” mövzunu ekspertlərlə araşdırıb.

“Afrikada yeni oyunçular peyda olub”

Araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu deyib ki, Fransa 19-cu əsrdə Afrikada ələ keçirdiyi torpaqların bir qismi üzərində nəzarəti hələ də əlində saxlayır: “Doğrudur, digər müstəmləkə imperiyaları kimi Fransa da 20-ci əsrin ortalarında əksər müstəmləkələrini itirdi və formal da olsa müstəqilliklərini tanımağa məcbur oldu. Lakin xüsusən də Afrikada Fransa müstəqilliyini əldə etmiş yeni dövlətlər üzərində müxtəlif sazişlər vasitəsilə təsir mexanizmləri qurdu və qeyri-rəsmi nəzarəti saxladı. Bu ölkələrin bir çoxunda rəsmi dövlət dili hələ də fransız dilidir, Fransa şirkətləri dominant üstünlüyə malikdir və s. Ancaq son illərdə vəziyyət dəyişib, Afrikada yeni oyunçular peyda olub. Bu yeni oyunçular Afrika ölkələri üçün yeni və daha cəlbedici şərtlər təklif edirlər”.

“Rusiya Afrikada daha çox fəallaşıb”

O əlavə edib ki, əsasən Çin iqtisadi və enerji, habelə nəqliyat sahəsində ağırlığını qoymaqdadır: “Çin şirkətləri Afrikada yeni dəmir yolları, yollar, elektrik xətləri inşa edir, kommunikasiya sistemləri qururlar. Əlbəttə, bunlar güzəştli şərtlərlə olur və əvəzində qiymətli minerallar alınır. Təhlükəsizlik sahəsində isə son 10 ildə Rusiya Afrikada daha çox fəallaşıb. Vagner vasitəsilə 10-a yaxın ölkədə rus hərbçilərinin təlimatçı və hərbi mühafizə kimi xidmətlər göstərir. Bu da təbii ki, bölgənin "əsas sahibi" Fransa üçün ciddi narahatlıq yaradır. Bu sırada son 10 ildə Türkiyə də var. Türkiyə əsasən şimali və mərkəzi Afrikada fəallıq göstərir, yeni iqtisadi, enerji və infrastruktur layihələri həyata keçirir. Hər üçü Fransa üçün ciddi rəqibə çevrilib, hansı ki, bunu Prezident Makron da etiraf edib”.

"Paris hakimiyyəti yeni güclərə qarşı…"

K.Rövşənoğlunun bildirdiyinə görə, məhz bunun sayəsində son 10 ildə Fransanın Afrikadakı təsir dairəsində olan Mali, Niger, Burkina Faso, Çad, Sudan və Qvineyada hərbi çevrilişlər baş verib və hakimiyyətə yeni qüvvələr gəlib, hansı ki Fransa ilə əməkdaşlığa soyuq baxır: “Yəni proses var və Fransanın ənənəvi təsir dairələrində yeni və güclü rəqibləri ortaya çıxıb. Fransa hakimiyyəti isə hələlik bu yeni güclərə qarşı ciddi müqavimət göstərə bilmir. Çünki bir tərəfdən rəqiblər çox güclüdür, xüsusən də Çin böyük iqtisadi resurslara malikdir. Böyüyən iqtisadiyyat olaraq Çinə bazar lazımdır. İkinci tərəfdən Fransanın xoş xatırlanmayan müstəmləkə keçmişi var. Nəhayət, Fransanın özündə güclənən sağ millətçilik periferiya ölkələrdə anti Fransa ovqatını gücləndirir, onun ənənəvi mədəni təsir gücünü zəiflədir”.

Yeni dünya düzənində Fransanın müstəmləkəçilik siyasəti

Politoloq Şakir Ağayev qeyd edib ki, Fransanın müstəmləkəçilik siyasətinə son qoyulması hələlik tam olaraq mümkün deyil: “Amma bu proses artıq başlayıb. Avropa ölkələrindən Fransanın çıxarılması prosesləri artıq bir neçə ildir davam edir və hesab edirəm ki, bu proses getdikcə daha da güclənəcək. Bakıda “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” mövzusunda keçirilən beynəlxalq elmi konfrans da, bu istiqamətdə keçirilən digər tədbirlər də məhz bu prosesin sürətləndirilməsinə xidmət edir”.

“Proses başlayıb və davam edir”

Ş.Ağayev bildirib ki, afrikalılar özləri də artıq müstəmləkədən yorulublar, sadəcə olaraq kənardan onlara bu yöndə dəstək olanda onlar daha da güclü olurlar və Fransanın müstəmləkəsindən azad olmaq prosesini sürətləndirirlər: “Yeni dünya düzənində Fransanın müstəmləkəçilik siyasətini davam etdirəcəyini düşünmürəm. Artıq indidən Fransa üçün bunu davam etdirmək çətindir. Yeni dünya düzənində də baxmaq, görmək lazımdır ki, Fransa hansı yerdə duracaq, hansı mövqedə olacaq. Çünki bilirik ki, nəinki Fransa, Avropanın özü yeni dünya düzəninin bölünməsində iştirak etməyə çox can atır, amma ABŞ, Rusiya, Çin istəmir ki, onlar burada iştirak etsinlər. Ona görə də hesab etmirəm ki, yeni dünya düzənində bu proseslərdə Fransanın müstəmləkəsi olan dövlətlər bu müstəmləkə adı altında qalsınlar. Çünki artıq o proses başlayıb və davam edir”.

İrqçilik və yeni neokolonial siyasəti

Siyasi şərhçi Turan Rzayev bildirib ki, Bakıda keçirilən “İmperial quruluş: müstəmləkəçilik ideologiyaları və reallıqlar” adlı beynəlxalq elmi konfrans bir daha sübut etdi ki, post-müstəmləkə dövrü rəsmi şəkildə başa çatsa da, onun reallıqları və nəticələri bu gün də ciddi şəkildə dünya siyasətinə təsir göstərməkdədir: “BMT-nin Afrika xalqlarının Daimi Forumunun üzvü Pastor Martinezin çıxışı isə bu gerçəyi bir daha aktuallaşdırdı. Onun vurğuladığı kimi, müstəmləkəçiliyin zərbəsini hələ də çəkən xalqlar xüsusilə Afrika mənşəli icmalar transatlantik qul ticarəti, iqtisadi istismar, irqçilik və yeni neokolonial siyasətin nəticələrini bu gün də yaşayırlar”.

T.Rzayev əlavə edib ki, bu siyasətin tarixi əsaslarında və davam edən mexanizmlərində isə bir ölkənin adı xüsusilə qabarıq görünür, o da Fransadır: “Fransa XX əsrin ortalarına qədər Afrika və Asiya qitəsində 50 milyondan çox insanı nəzarət altında saxlayan böyük müstəmləkə imperiyalarından biri olub. Əlcəzair, Mali, Çad, Seneqal, Kot-divuar, Kamerun, Vyetnam və daha onlarla ölkə Parisin istismar siyasətindən ciddi zərər görüb. Fransanın müstəmləkəçilik siyasəti təkcə siyasi deyil, həm də mədəni və iqtisadi əsarət mexanizmləri ilə müşayiət olunub. Fransız dilinin zorla yayılması, yerli mədəniyyətlərin sıxışdırılması, iqtisadi resursların talanı bu siyasətin əsas elementləri olub. 1950–70-ci illərdə formal müstəqillik qazanan ölkələr, əslində “Françafrique” adlanan qeyri-rəsmi idarəetmə sistemi vasitəsilə Parisə bağlı şəkildə yönləndirilib”.

Siyasi şərhçinin fikirlərinə görə, Sahel bölgəsində Burkina Faso, Mali, Niger və s. baş verən son çevrilişlər, anti-Fransa nümayişləri və Fransa bazalarının bağlanması Parisin hegemoniyasına ciddi zərbə oldu: “Əgər 2000-ci illərin əvvəllərində Fransa özünü “demokratiya ixracatçısı” kimi təqdim edirdisə, bu gün artıq bu ritorika Afrika küçələrində etiraza, nifrətə və boykotlara səbəb olur. Hətta ənənəvi müttəfiq sayılan Kot-divuar və Seneqal kimi ölkələrdə belə, Fransa bazarının azaldılması və yeni tərəfdaşlarla əməkdaşlıq meylləri müşahidə olunur”.

“Fransanın əvvəlki mövqeyini saxlaması çətin görünür”

O, həmçinin qeyd edib ki, qlobal güc mərkəzlərinin dəyişməsi, Çin, Rusiya və Türkiyənin Afrikada artan nüfuzu, ABŞ-nin selektiv yanaşması və yeni nəsil afrikalı liderlərin milli maraqları əsas götürməsi Fransanın “ağalıq dövrünün” başa çatdığını göstərir: “Lakin bu, Fransanın tam çəkilməsi demək deyil. Fransa, bu gün daha çox yumşaq güc dil, təhsil, investisiya, mədəni proqramlar vasitəsilə mövcudluğunu saxlamağa çalışır. “Agence Française de Développement” (AFD) kimi qurumlar bu siyasətin əsas vasitəsidir. Fransanın klassik müstəmləkə üsullarından uzaqlaşaraq, yeni dövrün “yumşaq neokolonializm” strategiyasına keçməsi müşahidə olunur. Amma dünya dəyişib. Afrika ölkələri daha məlumatlı, daha milli maraqlı və alternativ tərəfdaşlıqlara açıqdır. Bu səbəbdən də Fransanın əvvəlki mövqeyini saxlaması getdikcə daha çətin görünür. Əgər Paris bu prosesə uyğunlaşmasa və hələ də keçmiş müstəmləkə gücü psixologiyası ilə hərəkət etsə, bu təkcə Afrika üçün yox, Fransanın özü üçün də ciddi siyasi və iqtisadi itkilərlə nəticələnə bilər”.

Röya İsrafilova