“Azərbaycan qazına tələbat artır, amma mövcud infrastruktur doludur” - Elçin Əmirbəyov Siyasət

“Azərbaycan qazına tələbat artır, amma mövcud infrastruktur doludur” - Elçin Əmirbəyov

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın nüfuzlu "La Repubblica" qəzetinə müsahibəsində Avropanın enerji təhlükəsizliyi, Azərbaycan qazının ixrac imkanları və regiondakı siyasi proseslər barədə mühüm açıqlamalar verib.

Əmirbəyov bildirib ki, Azərbaycanın Avropaya qaz nəqlində əsas marşrut olan Trans-Adriatik Boru Kəməri (TAP) və onun daxil olduğu Cənub Qaz Dəhlizi artıq maksimum tutumla işləyir.

Onun sözlərinə görə, bu məsələ artıq təkcə Azərbaycan-İtaliya münasibətləri çərçivəsində deyil, ümumilikdə Avropanın enerji arxitekturası baxımından strateji əhəmiyyət daşıyır.

Diplomat qeyd edib ki, 2025-ci ildə Azərbaycan İtaliyaya 9,5 milyard kubmetr qaz ixrac edib və ölkə Avropada Azərbaycan enerji resurslarının əsas alıcısı olaraq qalır. Ümumilikdə isə Azərbaycan 10 Avropa ölkəsinə 12,5 milyard kubmetr qaz tədarük edib ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli artım deməkdir.

Əmirbəyov vurğulayıb ki, qaz ixracının daha da artırılması üçün mövcud boru kəmərlərinin genişləndirilməsi və yeni investisiyalar zəruridir. Onun fikrincə, bu addımlar Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi və uzunmüddətli təhlükəsizliyin təmin olunması baxımından da vacibdir.

Müsahibədə Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığına da toxunulub. Bildirilib ki, 2026–2027-ci illəri əhatə edən fəaliyyət planı çərçivəsində enerji, yaşıl keçid, rəqəmsallaşma, nəqliyyat, kənd təsərrüfatı və təhsil daxil olmaqla 18 istiqamət üzrə 65 tədbirin həyata keçirilməsi nəzərdə tutulur.

Səfərin məqsədinə toxunan Əmirbəyov qeyd edib ki, əsas hədəf ikitərəfli siyasi dialoqu gücləndirmək, həmçinin Azərbaycanın Avropa İttifaqı və NATO ilə münasibətləri, eləcə də regionda sülh prosesi ilə bağlı mövqeləri müzakirə etmək olub.

Diplomat əlavə edib ki, 2026-cı il Ermənistanla münasibətlərin normallaşması və sülhün rəsmiləşdirilməsi baxımından həlledici il ola bilər. Eyni zamanda, İtaliyanın Baş naziri Giorgia Meloninin Bakıya planlaşdırılan səfərinin də bu proseslərə əlavə impuls verəcəyi gözlənilir.