

“İsrail baş naziri Netanyahunun Amerika səfərində əsas müzakirə olunan məsələlərdən biri Qəzza məsələsidir. Təbii ki, İsrailin öz yanaşması var. İsrail, ümumiyyətlə, Qəzza məsələsində konkret olaraq HƏMAS-ın özünü buraxmasını, idarəçilikdən çəkilməsini və Qəzzanın idarəçiliyində başqa qüvvələrin təmsil olunmasını istəyir. HƏMAS-çılar isə bununla razı deyillər. Onların da öz şərtləri var. Onlar konkret olaraq davamlı atəşkəs istəyirlər. Netanyahu hələlik 60 günlük atəşkəs təklif edir. Şərtlərə əməl olunarsa ondan sonra atəşkəsin davamlı olmasını təklif edir. Yəni birbaşa İsrail ABŞ arasında bu məsələlər müzakirə olunur”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Əli Mustafa söyləyib.
Ə.Mustafa bildirib ki, eyni zamanda, Qətər və Misirin iştirakı ilə də bu məsələlər müzakirə olunur: “Bu müzakirələrdə Türkiyə də iştirak edir. HƏMAS rəsmilərinin davamlı olaraq Qətərdə müxtəlif nümayəndələr ilə görüşməsi, Türkiyəyə gəlməsi, Türkiyədə rəsmi qəbul olunması da onu göstərir ki, HƏMAS-ı da müdafiə edən beynəlxalq güclər var və onlar, ümumiyyətlə, ikidövlətli həllin tərəfdarıdırlar. Yəni bir formada bu müzakirələr gedir. Əlbəttə, həlledici sözü ABŞ deyəcək. Çox güman ki, Netanyahu ilə Tramp arasında danışıqlar gedir. Yəqin ki, sonunda bir qərara gələcəklər”.
Politoloq qeyd edib ki, amma bir məsələ var ki, Qəzzada savaş dayananda Netanyahu hökuməti risk altına düşür: “Yəni onun hökuməti elə təşkil olunub ki, o, daim savaş üzərində qala bilir. Netanyahunun bu problemi də var. Amma Qəzzada baş verənlər dünya ictimaiyyətində, o cümlədən Avropa ölkələrində çox ciddi narazılığa səbəb olur. Ona görə bu, sonsuza qədər davam edə bilməz. Bir formada atəşkəs saxlanmalıdır”.
Röya İsrafilova