“Forumun Xankəndidə keçirilməsi həm rəmzi, həm də siyasi baxımdan olduqca dəyərlidir” Gündəm

“Forumun Xankəndidə keçirilməsi həm rəmzi, həm də siyasi baxımdan olduqca dəyərlidir”

“Şuşa Qlobal Media Forumu həm ölkəmizin ictimai-siyasi həyatında, həm də bütövlükdə cəmiyyətimizin həyatında mühüm əhəmiyyət daşıyan hadisələrdən biridir. Artıq bir ənənə halını almış və 3-cü dəfədir ki, keçirilən Şuşa Qlobal Media Forumu il keçdikcə tədbirə qatılanların sayına görə daha da böyüyür. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən budəfəki Forum 52 ölkədən 140 qonağı, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun nümayəndələrini bir araya gətirməyi bacardı”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə söyləyib.

Politoloq diqqətə çatdırıb ki, Forumun məhz Xankəndidə keçirilməsi isə həm rəmzi, həm də siyasi baxımdan olduqca dəyərlidir: “Bu, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra yeni inkişaf mərhələsinə qədəm qoymasının ən aydın göstəricilərindəndir. Yəqin hər kəs razılaşar ki, Prezident İlham Əliyevin Forumun açılış mərasimində çıxış etməsi və xarici media nümayəndələrinin suallarını cavablandırması tədbirin əhəmiyyətini daha da artırır. Cənab Prezident bu dəfə də ona ünvanlanan suallara verdiyi açıq cavablarla təkcə görülən işlər, ölkəmizin bu və ya digər məsələlərə baxışlarını təqdim etmədi, eyni zamanda, həm də ayrı-ayrı mərkəzlərə mesajlar çatdırmış oldu”.

Y.Bağırzadə qeyd edib ki, keçən ilin noyabrında Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı ilə bağlı danışan ölkə başçısı ölkəmizdə yaşıl enerji ilə bağlı həyata keçirilən layihələr haqqında geniş məlumat verdi: “Şübhəsiz ki, ölkəmizin bu sahədə gördüyü işlər bir çox beynəlxalq tərəfdaşlar o cümlədən də BMT tərəfindən yüksək dəyərləndirilir”.

Röya İsrafilova