Azərbaycanda Süni İntellekt Observatoriyası yaradılacaq İqtisadiyyat

Azərbaycanda Süni İntellekt Observatoriyası yaradılacaq

İqtisadiyyat Nazirliyi ilə IE Universiteti arasında Azərbaycanda rəqabətqabiliyyətlilik və iqtisadi transformasiya üzrə Süni İntellekt Observatoriyasının yaradılması və inkişafı üzrə çərçivə əməkdaşlıq sazişi imzalanıb.

“APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İqtisadiyyat və Elm və Təhsil nazirliklərinin dəstəyi ilə yaradılmış İspaniyanın IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin açılış mərasimində bildirib.

Onun sözlərinə görə, Observatoriya Azərbaycanın iqtisadi inkişafına dair biliklərin formalaşdırılması və siyasət qərarlarının dəstəklənməsi məqsədilə akademik dairələri, dövlət qurumlarını və biznes nümayəndələrini bir araya gətirəcək: “Onun fəaliyyəti iqtisadiyyatın şaxələndirilməsi, məhsuldarlıq, rəqabətqabiliyyətlilik və beynəlxalq müqayisələr üzrə tətbiqi tədqiqatlara yönələcək. Bu tədqiqatlar qlobal təcrübədən və məlumatlardan faydalanmağa, nəzəriyyələri praktiki siyasət həllərinə çevirməyə imkan verəcək”.

“İnanırıq ki, IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzi insan kapitalının inkişafına, Azərbaycanın iqtisadi rəqabətqabiliyyətliliyinin gücləndirilməsinə və innovasiya potensialının artırılmasına töhfə verəcək. Məqsədimiz beynəlxalq bilik və təcrübəni ölkənin iqtisadi prioritetləri ilə əlaqələndirmək, insan kapitalına yatırılan investisiyaları yüksək məhsuldarlığa və konkret iqtisadi nəticələrə çevirməkdir,” - deyə nazir müavini qeyd edib.