“Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevrilib” Gündəm

“Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşa çevrilib”

“Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı proqram xarakterli çıxışı Azərbaycanın dövlətçilik fəlsəfəsini, hüquqi-siyasi doktrinasını, daxili və xarici siyasətinin əsas istiqamətlərini, eləcə də tarixi inkişaf yolunu əks etdirən mühüm siyasi məzmun daşıyır”.

Bu barədə deputat Bəhruz Məhərrəmov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan xalqı əsrlər boyu dövlətçilik ənənələrinə malik olsa da, son iki əsrdə müstəqillikdən məhrum edilərək müxtəlif siyasi sistemlərin tərkibində yaşamağa məcbur olub: “Buna baxmayaraq, xalq milli kimliyini, dilini, adət-ənənələrini və həyat tərzini qoruyub saxlamağı bacarıb. Ölkədə yaşayan müxtəlif etnik və dini qrupları birləşdirən azərbaycançılıq ideologiyası milli birliyin əsasını təşkil edir. Bu ideologiya və inklüziv cəmiyyət modeli müstəqillik dövrünün mürəkkəb sınaqlarından, xüsusilə Ermənistanın hərbi təcavüzünə qarşı mübarizədən və Vətən müharibəsindən uğurla çıxıb.Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək, 2020-ci ildə İkinci Qarabağ müharibəsində və 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib. Postmünaqişə dövründə Azərbaycanın mövqeyi ölkənin yalnız hərbi-siyasi Zəfər qazanmış dövlət deyil, həm də regional sülhün və sabitliyin təşəbbüskarı kimi çıxış etdiyini göstərir.Ermənistanın işğalçılıq siyasəti, etnik təmizləmə və yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi ilə müşayiət olunan münaqişədən sonra Azərbaycanın qisasçılıq siyasəti yürütmək əvəzinə sülh təşəbbüsü ilə çıxış etməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan tərəfinin sülh sazişi layihəsini hazırlaması və münaqişənin siyasi yolla həllinə yönəlmiş addımlar atması digər münaqişələrin nizamlanması baxımından da əhəmiyyətli təcrübədir”.

Bəhruz Məhərrəmov bildirib ki, sülh sazişi layihəsinin Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanması və üçtərəfli bəyannamənin imzalanması Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların beynəlxalq səviyyədə qəbul olunmasının mühüm göstəricisidir.

Deputat Azərbaycanın xarici siyasət strategiyasına da toxunaraq qeyd edib ki, ölkə balanslaşdırılmış və çoxvektorlu diplomatiya həyata keçirir: “Çinlə hərtərəfli strateji tərəfdaşlıq münasibətləri, ABŞ ilə strateji əməkdaşlığın inkişafı, Avropa İttifaqına üzv dövlətlərlə tərəfdaşlıq əlaqələri Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil mövqeyini gücləndirir. Azərbaycanın İslam dünyası, Avropa və Asiya arasında siyasi və mədəni əlaqələrin inkişafına verdiyi töhfə ölkənin beynəlxalq nüfuzunu artırır. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyəti, Avropa Siyasi Birliyinin Zirvə Görüşünün 2028-ci ildə Bakıda keçirilməsinin nəzərdə tutulması, eləcə də regional və beynəlxalq əməkdaşlıq formatlarında iştirakı Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir”.

Bəhruz Məhərrəmovun sözlərinə görə, Azərbaycanın geostrateji əhəmiyyəti yalnız diplomatik fəallığı ilə məhdudlaşmır: “Ölkənin enerji təhlükəsizliyinə verdiyi töhfə, müasir nəqliyyat-logistika infrastrukturu və Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərindəki mövqeyi onun regional və qlobal iqtisadi proseslərdə rolunu artırır.Azərbaycanın inkişaf modeli daxili resurslara əsaslanan iqtisadi müstəqillik, güclü dövlətçilik, suverenliyin qorunması və beynəlxalq hüququn prinsiplərinə söykənən siyasətin vəhdətidir.Azərbaycanın multikulturalizm modeli yalnız tolerantlıq və müxtəlif mədəniyyətlərə hörmət prinsipləri ilə məhdudlaşmır. Bu model milli birlik, iqtisadi müstəqillik, güclü siyasi iradə, hüquqi ədalətin bərpası və balanslaşdırılmış xarici siyasətlə tamamlanan kompleks dövlətçilik təcrübəsidir”.

Günel Elxan