Zəngəzur dəhlizi: region üçün yeni imkanlar Gündəm

Zəngəzur dəhlizi: region üçün yeni imkanlar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Zəngəzur dəhlizinin açılması ticarəti canlandıracaq və konsensus yolu ilə bu məsələ həll edilə bilər. O qeyd edib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan, Ermənistan və Türkiyəyə deyil, bölgədəki digər ölkələrə də fayda verəcək: “Biz bu yola geoiqtisadi ölçülərinə görə həlledici məsələ kimi baxırıq. Belə ki, bu dəhliz bölgəmizin regiondan kənardakı əraziləri də birləşdirəcək və ticarəti canlandıracaq. Bizim əsas gözləntimiz ondan ibarətdir ki, bu yol münaqişə mənbəyinə deyil, konsensusun simvoluna çevrilsin” deyə Türkiyə Prezidenti əlavə edib.

R.T.Ərdoğan vurğulayıb ki, bununla da region əməkdaşlığın üstünlük təşkil etdiyi çiçəklənən məkana çevrilmə imkanı qazanar: “İnanıram ki, biz region ölkələri olaraq konsensus yolu ilə bu məsələni həll edə bilərik. Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzura böyük önəm verir. O, dəhlizin tez zamanda istifadəyə verilməsinə çalışır. Onun həm Azərbaycan, həm də region üçün istifadə edilməsini istəyir. İnanıram ki, biz bu məsələni birlikdə həll edəcəyik”.

“Türkiyə liderinin son açıqlaması...”

Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vaxtaşırı Azərbaycanın taleyüklü məsələlərinə münasibət bildirməsi artıq onun Azərbaycanla münasibətlərində xüsusi bir yer tutur: “Bu dəfə də o, Zəngəzur dəhlizi ilə bağlı çox əhəmiyyətli bir açıqlama verdi. Bu, onu göstərir ki, Azərbaycan və Türkiyə həmişə bir-biri üçün vacib məsələlərdə bir mövqedən çıxış edirlər. Zəngəzur dəhlizi təkcə Azərbaycanın bir bölgəsi ilə digər bölgəsini birləşdirən bir xətt deyil, bu, regionda iqtisadi münasibətləri kökündən dəyişəcək bir layihədir. Bu layihənin təşəbbüskarı və əsas təminatçısı Azərbaycandır”.

Deputat əlavə edib ki, Türkiyənin bu məsələdə Azərbaycanı dəstəkləməsi dünyanın diqqətini cəlb edir: “Problemin həllinə kömək edəcək bütün ölkələr artıq məsələyə tamam başqa bucaqdan yanaşırlar. Məsələ Azərbaycan tərəfindən iqtisadi cəhətdən kifayət qədər dəqiq işlənib. Ermənistan bu məsələyə başlamasa da hər halda gec-tez bu məsələdə “hə” sözünü deməlidir. Çünki bu, eyni zamanda, Ermənistanın da inkişafı üçün çox ciddi bir layihə hesab edilə bilər. Türkiyə liderinin son açıqlaması bir daha göstərir ki, Azərbaycan və Türkiyə həmişə bir yerdədirlər və bundan sonra da bir yerdə olacaqlar”.

“Regionun gələcəyi ilə bağlı iki yol var”

Milli Məclisin deputatı Azər Badamov söyləyib ki, dünya xəritəsinə baxdığımız və strateqlərin beynəlxalq münasibətlərlə bağlı fundamental kitablarını oxuduğumuz zaman Cənubi Qafqaz regionunun geosiyasi və geostrateji əhəmiyyətinə görə olduqca vacib bir coğrafiyada yerləşdiyini, məhz bu regionun düyün nöqtələrindən biri olduğunu görürük: “Regionun gələcəyi ilə bağlı qarşıda dayanan iki yol mövcuddur. Bunlardan biri konfliktlərin davam etdirilməsi, siyasi maraqların dominantlıq təşkil etməsidirsə, digəri onların zamanla aradan qaldırılaraq bölgənin vermiş olduğu imkanlardan da yararlanaraq iqtisadi maraqların üstünlük təşkil etməsidir. Zənn edirəm ki, bölgəmiz nə qədər iqtisadi layihələrlə “hörülsə” anlaşmazlıqlar da silahlardan, güc amilindən aralanıb, masalar üzərində bir o qədər dayanıqlı qərar tutar. Bu çətin missiyanı isə üzərinə götürən Azərbaycan Lideridir. Bu məsələyə verilən önəmin də Azərbaycan Prezidenti olduğunu Rəcəb Tayyib Ərdoğan bir daha vurğuladı ki, dövlət başçımız məsələlərin tez bir zamanda icrasında və yekunlaşmasında maraqlıdır”.

“Zəngəzur dəhlizi böyük bir layihədir”

Deputat qeyd edib ki, istər Şimal-Cənub, istərsə də Şərq-Qərb marşrutlarının mərkəzi nöqtəsi məhz Azərbaycandır: “III Şuşa Qlobal Media Forumunda da dövlət başçımız bildirdi ki, sahib olduğumuz coğrafi mövqeyi yaxşı məqsədlər üçün istifadə etməliyik. Bu yola artıq çıxılıb. Azərbaycan, Mərkəzi Asiya və Avropa ölkələri arasında imzalanmış sənədlər artıq ondan xəbər verir ki, Azərbaycan qovşaq olacaq. Biz həm də Qlobal Cənub və Qlobal Şimal arasında körpü rolunu oynayırıq. Zəngəzur dəhlizi böyük bir layihədir. Burada sadəcə Azərbaycan və Türkiyənin maraqlı olmadığı kimi Ermənistan kimi dövlətin də onun qarşısını almaq cəhdləri minimaldır. Bəzi məsələlərdə gecikmənin özü belə Ermənistandan asılı deyil. Ermənistan burada lazımi məqamlarda istifadə edilən vasitələrdən sadəcə biridir. Dəhlizlə bağlı müraciət edilən tərəf Azərbaycandır. Zəngəzur dəhlizi sadəcə Naxçıvanın Azərbaycanın əsas hissəsinə birləşdirilməsi demək deyil. Cənab Prezident İlham Əliyevin də bildirdiyi kimi bu beynəlxalq tranzit dəhlizidir. Bu yolda tranzit daşımalarının həcmi artır, rəqəmsallaşma, gömrük inzibatçılığı prosesi davam edir”.

“Dəhlizdən uduşlu çıxacaq tərəflər...”

A.Badamovun sözlərinə görə, bu böyük arteriya bir çox dövlətlərin marağındandır və onların hər birini birləşdirəcək körpüdür: “Paralel olaraq Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Bir neçə qoldan ibarət olacaq Zəngəzur dəhlizinə gedən yolda Ermənistan son beş ildir ki, heç nə etmir. Ermənistana zamanında da Azərbaycan təklif etmişdi ki, tranzit imkanlarından yararlansın, indi də öz boş ambisiyalarını kənara qoyub fürsətdən yararlanmasa nəinki nəqliyyat, hətta siyasi təcridə də düşəcək. Dəhlizin potensialı ilkin etapda 15 milyon ton yük səviyyəsində dəyərləndirilir”.

Deputat həmçinin deyib ki, dəhlizdən uduşlu çıxacaq tərəflər sadəcə Azərbaycan və Türkiyə deyil: “Dəhliz Rusiyanın, İranın, Mərkəzi Asiyadan Avropaya, Avrasiyaya qədər böyük bir regionun önündə nəhəng persperktivlər açır, xalqların rifahının daha da yaxşılaşmasına xidmət edir. III Şuşa Qlobal Media Forumunda cənab Prezident İlham Əliyevin dəhlizlə bağlı məlum fikirlərindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bənzər fikirləri ondan xəbər verir ki, xarici siyasətimiz koordinasiyalı şəkildə davam etməklə yanaşı, qətiyyətimiz də eynidir. Bütün məsələlər razılaşma yolu ilə həll edilməlidir. Azərbaycanın da, Türkiyənin də mövqeyi məhz bundan ibarətdir”.

“Türk dünyası ölkələri daha çox yaxınlaşacaq”

Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib ki, Zəngəzur dəhlizinin açılmasından Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran, Ermənistan, həmçinin Gürcüstan iqtisadiyyatı da yeni imkanlar əldə etmiş olacaq: “Ümumiyyətlə, bu dəhlizinin açılması təkcə Azərbaycan deyil, bütün region üçün yeni imkanlar yaradacaq. Çünki bu marşrut təkcə geosiyasi deyil, həm də geoiqtisadi əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi türk dünyası ölkələrini daha çox yaxınlaşdıracaq, həmçinin Orta Dəhliz üçün strateji stimul olacaq. Türkiyə Prezident Ərdoğanın rəhbərliyi ilə bu məqsədə çatmaq istiqamətində qətiyyətli səylərini bu gündə davam etdirir. Zəngəzur dəhlizinin açılması üzrə atılan birgə addımlar həm Türkiyə, həm də bütün türk dünyası üçün tarixi prosesdir. Öz ərazisindən Azərbaycana heç bir kommunikasiyanı açmayacağını bəyan edən Ermənistan da artıq dəhlizin mümkün marşrutları, onların işləməsi üçün görüləcək işlərlə bağlı müzakirələrdə iştirak edir”.

“Azərbaycan üçün siyasi əhəmiyyəti böyükdür”

M.Cəfərovun sözlərinə görə, Zəngəzur dəhlizinin Azərbaycan üçün siyasi əhəmiyyəti böyükdür: “Bu, aydındır. 44 günlük Vətən müharibəsindən qalib ayrılaraq öz ərazilərinin mühüm bir qismini işğaldan azad edən Bakı həmin əraziləri indi daha uzaqgörən, regional və beynəlxalq layihələrin parçasına çevirməyə nail olub. Məhz bu amil də bölgədə uzunmüddətli sülhü təmin edəcək”.

Röya İsrafilova