Sumqayıt Teatrında “Ölməz” tamaşasına ictimai baxış keçirilib Mədəniyyət

Sumqayıt Teatrında “Ölməz” tamaşasına ictimai baxış keçirilib

Sumqayıt Dövlət Dram Teatrında Birinci Qarabağ müharibəsinin əfsanəvi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş “Ölməz” adlı səhnə əsərinə ictimai baxışı keçirilib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşa "Heç kim unudulmur, heç nə yaddan çıxmır" adlı yeni teatr layihəsi çərçivəsində hazırlanıb. Əsərin müəllifi Elşən Sərxanoğludur. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru isə Ümid Abbaszadədir.

Monotamaşada gənc aktyor Elay Xasıyev çıxış edir.

Tamaşa dərin emosional təsiri, vətənpərvərlik ruhu və real hadisələrə söykənən dramatik gedişi ilə auditoriya tərəfindən böyük maraqla qarşılanıb.

Məlumat üçün bildirək ki, səhnə əsərində Natiq Qasımovun igidliyindən bəhs edilir. Altı döyüş yoldaşını itirdikdən sonra beş gün ərzində təkbaşına müdafiə etdiyi alban kilsəsində mühasirəyə düşən qəhrəmanımız, sonadək ermənilərə müqavimət göstərir və yalnız Xocalıda girov götürülmüş 22 dinc sakinin həyatını xilas etmək üçün təslim olmağa razılaşır. O, hətta təslim olarkən belə Azərbaycan bayrağını düşmənə vermir. Natiq Qasımov əsirlikdə işgəncə ilə qətlə yetirilib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə o, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

“Ölməz” tamaşasının rəsmi premyerası sentyabr ayında planlaşdırılır.