Rusiya Azərbaycanla çəkişmədən geri çəkilir Gündəm

Rusiya Azərbaycanla çəkişmədən geri çəkilir

2023-cü ilin sentyabrında Qarabağda 23 saatlıq antiterror tədbirlərindən və ardınca rus sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılmasından sonra Rusiya–Azərbaycan münasibətlərinin xarakteri tamamilə dəyişdi. Artıq rəsmi Moskva zəruri, daha doğrusu, zorakı “vasitəçi” statusunu itirərək, regionda "öz mövcudluğunu qoruma davasına" girib.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Vüqar Dadaşov deyib.

Onun sözlərinə görə, əslində də Rusiya–Azərbaycan münasibətlərinin dartılı münasibətə çevrilməsinin, daha da gərginləşməsinin əsl səbəbi Rusiyanın Cənubi Qafqazda statusunun dəyişməsidir. Ancaq Rusiya Azərbaycanla çəkişmədən artıq geri çəkildiyini hiss etdirir.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskovun Zəngəzur dəhlizinin açılması ilə bağlı “Moskva kommunikasiyaların bərpasını dəstəkləyir” açıqlaması neytral mövqe kimi görünsə də, əslində, Peskov Rusiyanın Cənubi Qafqazdan çəkilmə prosesini incə diplomatik örtüklə qəbul etdiyini bildirir. Həmçinin, rəsmi Moskva Zəngəzura real nəzarət imkanlarını artıq əlindən buraxdığını etiraf edir.

Ardınca da Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın "Azərbaycanla Ermənistan arasında Rusiyanın bitərəf mövqedə qaldığı" və "regionda Rusiyanı sıxışdırmağa çalışan qüvvələrin olduğu" bəyanatı mahiyyət etibarilə Peskovun Zəngəzur dəhlizi ilə bağlı açıqlaması ilə eynilik təşkil edir. Yəni açıqlamalar Moskvanın artıq proseslərə nəzarət etmədiyini, gedişata isə ancaq müşahidəçi statusuna məcbur edildiyini göstərir.

Cavid