“Bu, İsrailə təzyiq xarakteri daşıyır” Gündəm

“Bu, İsrailə təzyiq xarakteri daşıyır”

“Hazırda dünyanın 147 ölkəsi, yəni BMT üzvlərinin demək olar ki, 3/4 hissəsi, o cümlədən Azərbaycan Fələstinin müstəqilliyini tanıyır. Bu, dünyanın böyük əksəriyyətinin Fələstində “2 dövlətli həll” modelinin dəstəkləndiyini göstərir. Lakin faktiki olaraq güc faktoru real siyasəti müəyyən edir. Bu güc sahibi isə İsraildir. Yəni dünya birliyinin çoxsaylı çağırışlarına məhəl qoymayan İsrail hazırda Fələstinin fələstinlilərdən təmizlənməsini həyata keçirir. Bu, dünyaca soyqırım olaraq tanınır. BCM-in Netanyahunu həbs orderi isə müvafiq “atəşkəs” çağırışları kimi faydasız hüquqi alət rolundadır”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə deyib.

Siyasi şərhçi sentyabrda növbəti BMT Baş Assambleyasının Zirvəsinin keçiriləcəyi qeyd edərək əlavə edib ki, burada 25 dövlətin Fələstini dövlət olaraq tanıyacağını bəyan etməsi İsrailə təzyiq xarakteri daşıyır: “Bütün dünyanın qəbul edəcəyi həll modeli İsrail üçün qəbuledilməz olarsa, böyük ehtimalla 77 ildir davam edən münaqişə hələ yenə davam edəcək. Bunu ABŞ Dövlət Katibi Marko Rubio elə bu cür də bəyan edib. Yəni İsrail razı olmadığı müddətcə, bütün dünya da müvafiq həll yolunu qəbul etsə, 2 dövlətli həll yolu ilə sülh reallaşa bilməz. Odur ki, İsrailin ilk növbədə prosesə müsbət yanaşması lazımdır. Bu isə, yaxın dövr üçün real görünmür. Çünki nə Baş nazir Netanyahu, nə XİN Katz bu yanaşmanı qəbul etmir və bunu “terrorun mükafatlandırılması” olaraq adlandırırlar. Beləliklə, Qəzzanın qəzalı qədərdən qurtulması yaxın zamanda çətin proqnoz olunur. Bunun üçün ilk növbədə İsraildə hakimiyyətə sülh meyilli qruplar (mərkəz-sol) gəlməlidir. Lakin onlar hazırda İsraildə üstün siyasi gücə malik deyillər”.

Röya İsrafilova