Qərbin koordinasiyalı sülh mesajı Gündəm

Qərbin koordinasiyalı sülh mesajı

“ABŞ dövlət katibi Marko Rubio ilə Fransanın xarici işlər naziri Jan-Noel Barronun telefon danışığında Azərbaycan-Ermənistan sülh prosesi əsas mövzulardan biri kimi gündəmə gətirilib”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Politoloq qeyd edib ki, bu, Qərbin Cənubi Qafqazda sülh təşəbbüslərinə paralel deyil, koordinasiyalı şəkildə yanaşmağa çalışdığını göstərir: “Danışıqlarda həmçinin Qəzzadakı humanitar vəziyyət, Rusiya-Ukrayna müharibəsi, Sudandakı münaqişə və İranın nüvə proqramı kimi qlobal məsələlər də müzakirə olunub”.

Z.Qarayevanın sözlərinə görə, ABŞ və Fransanın sülh prosesi ilə bağlı mövqelərini birbaşa koordinasiya etməsi, regionda vahid Qərb strategiyasının formalaşması niyyətini ortaya qoyur. Onun fikrincə, bu həm də Moskvanın vasitəçilik imkanlarını balanslaşdırmaq və Qərbin prosesdə davamlı iştirakını təmin etmək məqsədi daşıyır: “Belə bir koordinasiya tərəflərə beynəlxalq siyasi çəkisi daha böyük olan bir formatda danışıqlar aparmaq imkanı yaradır və bu, həm prosesin legitimliyini, həm də diplomatik təzyiq gücünü artırır”.

Röya İsrafilova