
Payız özü ilə xəstəlikləri də gətirib
1 Oktyabr 23:47
Əli Zülfüqaroğlu: “Bölgədə gərginliyin davam edəcəyi ehtimalı yüksəkdir"
"Trampın təşəbbüsü ilə Qəzza ilə bağlı əldə olunan razılaşmanın dayanıqlı olması mümkün deyil. Razılaşmadan sonra bəzi İslam ölkələri Trampın təşəbbüsünü dəstəkləyən bəyanatlarla çıxış edərək, İsrail ordusunun Qəzzadan tamamilə çıxmasını gözlədiklərini ifadə etdilər. Digər tərəfdən, İsrailin baş naziri bildirdi ki, İsrail qoşunları Qəzzanın əsas hissəsində qalacaq".
Bunu Missiya.Az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.
O bildirib ki, İsrailin baş naziri heç vaxt Fələstin dövlətinin yaradılmasına icazə verməyəcəklərini açıq şəkildə bəyan edib: "Bu isə onu deməyə əsas verir ki, əgər İsrail ordusu Fələstində qalacaqsa, bu, həm HƏMAS-ın tələbləri, həm də İslam ölkələrinin mövqeyi ilə ziddiyyət təşkil edir. Bu səbəbdən də HƏMAS-ın İsrail və ABŞ arasında əldə olunan Qəzza ilə bağlı razılaşmanın sülhə gətirib çıxarması və ya dayanıqlı olması mümkün görünmür.
Eyni zamanda, tarixi proseslərə nəzər salsaq, məsələ daha aydın şəkildə anlaşılır. HƏMAS və ona bənzər təşkilatlar məhz ona görə meydana gəldi ki, İsrail BMT-nin qərarlarına zidd şəkildə hərəkət etdi və Fələstin dövlətinin yaranmaması üçün bütün imkanlarını səfərbər etdi. Nəticədə, bu cür silahlı müqavimət hərəkatları formalaşdı. HƏMAS-ın ideoloji əsaslarını təşkil edən başlıca məqsəd Fələstin dövlətinin yaradılmasıdır. İsrail isə açıq şəkildə bildirir ki, bu dövlətin yaradılmasına heç vaxt razı olmayacaq.
Digər məsələlər isə təbii ki, detal xarakteri daşıyır. İstər prosesə əsaslı yanaşsaq, eyni zamanda İslam ölkələrinin və İsrail hökumətinin səsləndirdiyi bəyanatlar fonunda məsələyə baxsaq, bu prosesin uğurla yekunlaşmayacağını demək mümkündür".
Ə.Zülfüqaroğlu qeyd edib ki, müvəqqəti də olsa nəticə əldə olunmmasının səbəblərindən biri də tərəflər arasında güvənsizlikdir: "İsrail tələb edir ki, HƏMAS silahı yerə qoymalı və bütün girovları azad etməlidir. HƏMAS isə qarşılığında təminat istəyir ki, girovların azad edilməsinə paralel olaraq İsrail ordusu Qəzzanı tamamilə tərk etməli və Qəzzanın idarəçiliyi Mahmud Abbasın rəhbərliyinə verilməlidir.
Qeyd etmək lazımdır ki, əvvəlki dövrlərdən fərqli olaraq HƏMAS artıq Qəzzanın Mahmud Abbas tərəfindən idarə olunmasına razıdır, lakin İsrail buna qarşı çıxır. Bu, həm İslam ölkələrinin, həm də HƏMAS-ın mövqeyi ilə ziddiyyət təşkil edir.
Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ vasitəçiliyi ilə əldə olunan razılaşmanın reallaşması üçün praktik imkanlar son dərəcə məhduddur və bölgədəki gərginliyin davam edəcəyi ehtimalı yüksəkdir".