“Bu addım İranı təzyiq altında danışıqlara qayıtmağa sövq edə bilər” Gündəm

“Bu addım İranı təzyiq altında danışıqlara qayıtmağa sövq edə bilər”

“Avropa İttifaqı Şurası İrana qarşı 2015-ci ildə dondurulmuş bəzi sanksiyaları qismən bərpa edib. Baş verən siyasi təzyiq proseslərinə, İranın reaksiyası həlledici ola bilər. Əgər Tehran IAEA ilə əməkdaşlığı məhdudlaşdırarsa və nüvə fəaliyyətini daha da sürətləndirərsə, bu, Yaxın Şərqdə yeni gərginlik mərhələsi yarada bilər. Bu isə təkcə Avropa üçün deyil, region ölkələri, o cümlədən Azərbaycan üçün də təhlükəsizlik baxımından əhəmiyyətlidir”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Elman Telmanoğlu deyib.

E.Telmanoğlu diqqətə çatdırıb ki, Azərbaycan kontekstində məsələ ikiqat həssasdır: “Bir tərəfdən, qonşuluq və iqtisadi əlaqələrin qorunması vacibdir, digər tərəfdən, beynəlxalq öhdəliklərə və sabitlik prinsipinə sadiqlik prioritet olaraq qalır. Buna görə də balanslı mövqe saxlamaq və diplomatik çevikliyi artırmaq ölkəmiz üçün ən rasional seçimdir. Nəticə olaraq bunu demək olar ki, Avropa İttifaqının qərarı sadəcə sanksiya addımı deyil, həm də geosiyasi mesajdır. Bu addım İranı təzyiq altında danışıqlara qayıtmağa sövq edə bilər, amma əks nəticə də mümkündür. Regionda yeni güc mübarizəsi və gərginlik dalğası yarada bilər. Bu da ümumi region üçün müsbət bir hal kimi qiymətləndirilmir”.

Röya İsrafilova