“Paşinyanın söylədikləri mücərrəd yanaşmadır” Siyasət

“Paşinyanın söylədikləri mücərrəd yanaşmadır”

“Azərbaycanla Ermənistan arasında sülh münasibətlərinin ən yaxşı təminatçısı elə sülh müqaviləsinin özüdür. Perspektivdə imzalanacaq yekun sülh müqaviləsi həm regional sabitliyin, həm də Ermənistanın təhlükəsizliyinin zəmanətçisidir. Bunu Paşinyan özü də yaxşı bilir. Ermənistanın Baş naziri öz açıqlamasında məhz bu mesajı vermək istəyir”.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Müşfiq Abdulla söyləyib.

O əlavə edib ki, lakin Ermənistan cəmiyyəti kifayət qədər mühafizəkardır və Azərbaycan xalqından fərqli olaraq, postmünaqişə dövrünün reallıqlarına tam adaptasiya oluna bilməyib: “Ona görə də sülhün alternativi olmadığına dair Paşinyanın fikirləri erməni ictimai rəyinə hesablanıb. Əlbəttə, Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanmasının və ratifikasiya edilməsinin vacibliyi barədə bəyanatı yaxşı səslənir. Lakin Ermənistanın Baş naziri sülh müqaviləsinin imzalanması üçün konkret vaxt göstərməlidir. O, bəzən sülhün 2031-ci ilə qədər, bəzən 2027-2028-ci ildən gec olmayaraq imzalanacağını deməklə sürüşkən mövqe tutur. Bu cür manipulyasiyalar sülhün institusional səviyyədə mövcudluğuna, yəni de-yure reallaşmasına əngəl törədir”.

M.Abdulla hesab edir ki, Paşinyan sülh istəyirsə, ilk növbədə, Ermənistanda konstitusiya referendumu keçirməli və Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan preambulanı ali hüquqi sənəddən çıxarılmasına nail olmalıdır: “Azərbaycan tərəfi birmənalı şəkildə bildirib ki, Ermənistan konstitusiyasına dəyişiklik edildikdən dərhal sonra sülh müqaviləsini imzalamağa hazırdır.
Paşinyanın çıxışında sülhü 20 ilə, 200 ilə, yaxud 400 ilə çevirməyi qarşıya vəzifə kimi qoymaq barədə dediklərinə gəlincə, məncə bunlar mücərrəd yanaşmadır. Çünki bunlar müddətli sülh deməkdir. Azərbaycana və bütövlükdə bölgəmizə isə müddətsiz, daimi sülh lazımdır. Paşinyanın özü dediyi kimi, dönməz, lakin uzunmüddətli yox, müddətsiz sülh”.

Röya İsrafilova