Polşa ABŞ-yə daimi hərbi baza üçün dörd məkan təklif edib Dünya

Polşa ABŞ-yə daimi hərbi baza üçün dörd məkan təklif edib

Polşa Müdafiə Nazirliyi ABŞ-yə daimi Amerika hərbi bazasının yerləşdirilməsi üçün dörd mümkün məkan təklif edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Rzeczpospolita" qəzetinə müsahibəsində Polşa müdafiə idarəsinin nümayəndəsi general Dariuş Lukovski bildirib.

"Mümkün məkanlar arasında Vrotslav, Poznan, Bıdqoş və Şşetsin var, - deyə o bildirib. - Bazanın yerləşdiriləcəyi yer haqqında yekun qərarı prezident Donald Tramp verəcək". Lukovskinin sözlərinə görə, Polşa tərəfinin hazırlıq işləri tikinti yeri, qoşun növü və hərbi qulluqçuların sayı barədə qərar qəbul edildikdən sonra başlayacaq.

Generalın sözlərinə görə, daimi bazanın tikintisi ən azı üç il çəkəcək və təxminən 3 milyard zlotiyə (təxminən 750 milyon dollar) başa gələcək. Mülki heyət və amerikalı hərbçilərin ailə üzvləri üçün infrastrukturun yaradılmasına daha bir neçə milyard zloti tələb olunacaq.

Lukovski hesab edir ki, əgər bazada 5 min amerikalı hərbçi yerləşdirilərsə, Polşaya gələn ABŞ vətəndaşlarının ümumi sayı təxminən 15 min nəfər təşkil edə bilər.

Oktyabrın 28-də Polşanın 2018–2023-cü illərdə bu postu tutmuş keçmiş müdafiə naziri Mariuş Blaşçak bəyan edib ki, ölkənin ABŞ-nin daimi hərbi bazasının tikintisi üçün vəsaiti yoxdur. "Nə bu ilin büdcəsində, nə də gələn ilin büdcə layihəsində bazanın tikintisi üçün bir zloti də yoxdur", - deyə o bildirib.

Məryəm Quliyeva