Yaxın Şərq prosesi: Azərbaycan önəmli aktora çevrilir Gündəm

Yaxın Şərq prosesi: Azərbaycan önəmli aktora çevrilir

Azərbaycanın geosiyasi proseslərdə aktiv rol alması ölkənin nüfuzuna ciddi şəkildə təsiredir. Təsadüfi deyil ki, artıq Azərbaycan mühüm məsələlərdə qrzuedilən ölkəyə çevrilib. Yaxın Şərqlə bağlı sülh prosesində Azərbaycanın iştirakı real mənzərəni ortaya qoyur.

Xaırladaq ki, bir neçə gün öncə ABŞ-dən olan anonim hərbi rəsmi “Politico”ya bildirib ki, Qəzza zolağında sülhməramlı missiyanın icrasında iştirak üçün əsas namizədlər İndoneziya, Azərbaycan və Pakistandır. O qeyd edib ki, Qəzzada vəziyyətin stabilləşməsində iştirak edəcək bu qüvvələrin formalaşdırılması haqqında danışıqlar gedir və hələlik heç bir ölkə qəti vəd verməyib. Lakin məsələ ilə ən çox maraqlananlar yuxarıda adıçəkilən ölkələrdir.

“Xalq Cəbhəsi”nə mövzunu Politoloqlarla müzakirə edib.

Məsələlər tam şəkildə həllini tapmasa da…

Politoloq Oqtay Qasımov qeyd edib ki, Qəzzada Tramp planı faktiki olaraq işə düşüb və atəşkəs əldə olunub: “Məsələlər tam şəkildə həllini tapmasa da, amma bir formada proses başlanıb və Misirdə keçirilən beynəlxalq sammit də məhz bu məsələnin həllinə həsr olunub. Orada iştirak edən 20 dövlət və hökumət başçıları arasında Azərbaycan Prezidentinin də olması Azərbaycanın bölgədəki rolu, həm də Yaxın və Orta Şərqdə oynadığı rolla bağlıdır”.

Əsas məsələ

Onun sözlərinə görə, bu planın həyata keçirilməsində, gələcək təhlükəsizliyin təmin olunmasında əsas məsələlərdən biri məhz Qəzzada beynəlxalq sülhməramlı kontingentin yerləşdirilməsi məsələsidir: “Bu, nəzərdə tutulan vacib və gələcəkdə dayanıqlı sülhün təmin olunması üçün önəmli bir məsələdir. Sülhməramlı missiyanı həyata keçirmək üçün müxtəlif ölkələrin adları çəkilməkdədir. Bu ölkələr arasında Azərbaycanın adının da hallanması Azərbaycanın bölgə ölkələri ilə münasibətlərindən qaynaqlanan və onun oynadığı müsbət rolla bağlıdır”.

Azərbaycana olan müsbət münasibət

O.Qasımov vurğulayıb ki, Azərbaycana həm ərəb dünyasının, həm də İsrailin də etimadı kifayət qədər yüksəkdir: “Bu baxımdan əgər gələcəkdə bununla bağlı qərar veriləcəksə, hesab edirəm ki, Azərbaycan bu missiyada iştirak edə bilər. Bu, Azərbaycanın etibarlı tərəfdaş olması ilə bərabər, həm də artıq aparıcı regional oyunçulardan biri kimi Azərbaycana olan münasibətdir. Ən önəmlisi isə hesab edirəm ki, Azərbaycanın etibarlı tərəfdaş olmaqla bağlı beynəlxalq sülhyaratma missiyalarında iştirakı və təcrübəsi ilə bağlıdır. Belə ki, Azərbaycan son 20 ildə dünyanın müxtəlif bölgələrində sülhyaratma əməliyyatlarında iştirak edib. Son olaraq isə 2021-ci ildə Əfqanıstanda missiyasını başa vurub və geri qayıdıb. Yəni bu baxımdan Azərbaycanın bu rolda çıxış etməsi üçün kifayət qədər imkanları ilə bərabər, həm də potensialı var. Azərbaycanın üzərinə elə bir məsuliyyət qoyulacaqsa, Azərbaycan bunu yüksək səviyyədə həyata keçirməklə öz mövqelərini daha da gücləndirəcək deyə düşünürəm. Bu həm də Azərbaycana olan müsbət münasibətin təzahürüdür”.

Güclü mövqelər

Politoloq Yusif Bağırzadə söyləyib ki, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi kifayət qədər güclüdür və ölkəmizin həm ABŞ, həm İsrail, həm də ərəb dövlətləri ilə yaxşı münasibətləri var: “Qəzza bölgəsində Azərbaycanın sülhməramlı kimi iştirakı məqsədəuyğundur və belə də olacaq. Böyük ehtimalla Azərbaycan sülhməramlılarının orada iştirakından sonra Azərbaycan ABŞ tərəfindən dəstəklənən və təklif olunan, 2020-ci ildə başlanan İbrahim sövdələşməsinə qoşulacaq. Reallıq bundan ibarətdir ki, Azərbaycanın həm Yaxın Şərqdə, həm beynəlxalq aləmdə nüfuzu təmizdir, güclüdür. Ona görə də bu gözlənti doğrudur. Təklif də qəbul olunacaq. Çünki təklifin arxasında ABŞ dayanır və hazırda da Azərbaycan-ABŞ münasibətləri strateji müttəfiqlik səviyyəsində inkişaf edir”.

Bakının Yaxın Şərqdə nüfuzu

Politoloq Tural İsmayılov bildirib ki, Azərbaycanın Qəzza zolağında sülhməramlı missiyada iştirakı həm regional, həm də qlobal miqyasda mühüm siyasi siqnal olardı: “İlk növbədə, bu addım Bakının Yaxın Şərqdə artan nüfuzunun göstəricisidir. Azərbaycan uzun illər ərzində həm islam həmrəyliyini, həm də beynəlxalq hüquqa sadiqliyini praktiki addımlarla sübut edib. Qəzza məsələsində Azərbaycanın mövqeyi həmişə balanslı, amma prinsipial olub – sülhün bərpası, mülki insanların müdafiəsi və beynəlxalq hüququn qorunması. Sülhməramlı missiyada iştirak ehtimalı da bu xəttin davamıdır”.

Pakistanla birgə iştirak ssenarisi

O əlavə edib ki, Bakı bu cür proseslərdə tərəf yox, sabitlik amili kimi çıxış etməyi üstün tutur: “Üstəlik, Azərbaycan Ordusu artıq beynəlxalq əməliyyat təcrübəsinə malikdir – Əfqanıstanda NATO çərçivəsində missiyada uğurla iştirak edib. Bu təcrübə Qəzzada da tətbiq oluna bilər. Azərbaycanın müsəlman ölkəsi kimi burada iştirakı həm regionda qəbul olunacaq, həm də tərəflər arasında etimad yarada bilər. Pakistanla birgə iştirak ssenarisi xüsusilə real görünür. Çünki iki ölkə arasında hərbi-siyasi əməkdaşlıq yüksək səviyyədədir. İndoneziya ilə yanaşı bu üçlük, əslində, Qərb-Şərq balansını qoruyan model kimi formalaşa bilər”.

Mənəvi məsuliyyət

T.İsmayılovun bildirdiyinə görə, ABŞ-nin belə bir təklifə müsbət yanaşması da təsadüfi deyil - Vaşinqton regionda etibarlı, neytral və müsəlman kimliyinə malik tərəfdaş axtarır: “Azərbaycan isə həm Türkiyə ilə strateji ittifaqı, həm də Qərblə əməkdaşlığı sayəsində bu rola tam uyğundur. Missiyada iştirak, eyni zamanda, Azərbaycanın beynəlxalq imicinə və diplomatik çəkisinə ciddi töhfə verər. Bu, Bakının “sabitlik ixrac edən dövlət” imicini daha da gücləndirəcək. Əgər qərar reallaşarsa, Qəzzada Azərbaycan əsgərinin missiyası təkcə hərbi deyil, həm də insanlıq, ədalət və sülh adına mənəvi məsuliyyət daşıyacaq”.

Röya İsrafilova