15:57
784
“World Urban Forum 13 (WUF13) çərçivəsində Bakının nümayiş etdirdiyi təşkilatçılıq və diplomatik fəallıq Azərbaycanın artıq yalnız regional deyil, qlobal şəhərsalma və inkişaf gündəliyində də mühüm aktorlardan birinə çevrildiyini göstərdi. 176 ölkədən 57 mindən çox iştirakçının qatıldığı forumun Ümumdünya Şəhərsalma Forumunun tarixində ən böyük sessiya kimi qeydə alınması, COP29-dan sonra Azərbaycanın ev sahibliyi etdiyi ikinci nəhəng beynəlxalq platforma olması təsadüfi deyil”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov deyib.
Siyasi şərhçi qeyd edib ki, Prezident Ilham Aliyevin təşəbbüsü ilə ilk dəfə keçirilən Liderlərin Bəyanatları Sessiyası isə WUF13-ün siyasi çəkisini daha da artırdı: “27 dövlət və hökumət başçısının iştirakı göstərdi ki, Bakı artıq yalnız tədbir keçirən məkan deyil, eyni zamanda beynəlxalq dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul olunur. Forum boyunca Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma modeli, “Böyük Qayıdış” proqramı, ağıllı şəhər və kənd konsepsiyaları beynəlxalq səviyyədə diqqət çəkən nümunələr sırasında təqdim edildi”.
A.Nəsirov bildirib ki, WUF13 həm də Azərbaycanın qlobal urbanizasiya gündəliyinə yalnız ev sahibi kimi deyil, ideya və təşəbbüs müəllifi kimi daxil olduğunu göstərdi: “Nazirlər görüşündə qəbul edilən “Sədrin xülasəsi” sənədində Azərbaycanın bərpa və quruculuq sahəsindəki təcrübəsinin yüksək qiymətləndirilməsi, urbisid və ekosidə məruz qalmış ərazilərin yenidən qurulmasının beynəlxalq nümunə kimi təqdim olunması xüsusi əhəmiyyət daşıyır”.
O həmçinin vurğulayıb ki, Leyla Aliyevanın təşəbbüsü ilə keçirilən təmiz hava və yaşıl infrastruktur forumu, eləcə də “Nəfəs alan şəhərlər naminə Bakı Çağırışı” sənədi göstərdi ki, Azərbaycan gələcəyin şəhərləri ilə bağlı ekoloji və humanitar məsələlərin də gündəmə gətirilməsində fəal rol oynayır: “Bakı Şəhər Mükafatının təsis olunması və gələcək WUF sessiyalarının təşkili üçün “Bakı standartları”nın hazırlanması istiqamətində əməkdaşlıq isə Azərbaycanın artıq beynəlxalq tədbirlərin keçirilməsi sahəsində model formalaşdıran ölkələrdən birinə çevrildiyini ortaya qoyur”.
Röya İsrafilova