Bu il qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları proqnozu 300 mln. manata yaxın üstələyib İqtisadiyyat

Bu il qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları proqnozu 300 mln. manata yaxın üstələyib

2026-cı ilin yanvar – oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 16 milyard 65,2 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 1 milyard 274,2 milyon manat çoxdur.

"APA-Economics" Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrünə nisbətən vergi daxilolmaları 1 milyard 686,8 milyon manat və ya 11,7 faiz artıb.

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 11 milyard 776,4 milyon manat təşkil edib və büdcəyə proqnozdan əlavə 297,4 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 1 milyard 364,6 milyon manat və ya 13,1 faiz artıb.

2026-cı ilin yanvar – oktyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 672,8 milyon manat olub, proqnozdan əlavə 297,1 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 838,5 milyon manatdan çox təşkil edib.

Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 201,5 milyon manata yaxın olub, proqnozdan əlavə 8,3 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 156,5 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 849,3 milyon manatdan çox olub, proqnozdan əlavə 20,4 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 570,9 milyon manata yaxın təşkil edib.