İnvestisiya layihələrinə dəstək İqtisadiyyat

İnvestisiya layihələrinə dəstək

Azərbaycanda investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması və yerli istehsalın artırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsi müddəti 1 yanvar 2029-cu il tarixinədək uzadılıb. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2026-cı il tarixli Fərmanına əsasən investisiya təşviqi sənədi aşağıdakı strateji istiqamətlər üzrə layihələrə veriləcək:

- Yerli xammal bazasına (metal filiz, alüminium, neft, qaz, kimya, tikinti materialları, pambıq və barama) əsaslanan istehsal layihələri;

- Bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;

- Tullantıların idarə olunması və təkrar emalı layihələri;

- Dəniz suyunun duzsuzlaşdırılması layihələri;

- Özəl sənaye məhəllələrinin yaradılması layihələri və sənaye məhəllələrinin rezidentləri tərəfindən həyata keçirilən istehsal layihələri;

- 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft-qaz sənayesi müəssisələrinin istehsal layihələri;

- Azərbaycan Respublikasında istehsalı ilk dəfə təşkil edilən, yerli məhsullarla özünü təminetmə səviyyəsini (idxalın əvəzlənməsini) və ya qeyri-neft-qaz sektorunun ixrac potensialının artırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələrinin yaradılması istiqamətində həyata keçirilən “Azərbaycanda ilk” (“First in Azerbaijan”) layihələri;

- Dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalı (qablaşdırma fəaliyyəti istisna olmaqla) layihələri;

- Dəmir yolu hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;

- Hərbi təyinatlı məhsulların istehsalı layihələri.

Qeyd olunan istiqamətlər üzrə layihələrin həyata keçirilməsi yerli xammaldan istifadəni artıracaq, idxalın əvəzlənməsinə və qeyri-neft-qaz sektorunun ixrac potensialının artırılmasına xidmət edəcək. Bu təşəbbüslər dövlət-özəl tərəfdaşlığı modelinin inkişafına, yeni texnologiyaların ölkəyə cəlbinə və sənaye sektorunda innovativ həllərin tətbiqinə əlavə təkan verəcək.

İnvestisiya təşviqi sənədi həmin sənədin əldə olunduğu tarixdən etibarən 7 il müddətində Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədi verilmiş layihələr torpaq və əmlak vergisindən, eləcə də texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə gömrük rüsumu və əlavə dəyər vergisindən (ƏDV) azad olunur. Eyni zamanda bu layihələr üzrə mənfəət və ya gəlir vergisinə 50% güzəşt edilir.

Qeyd edək ki, investisiya təşviqi mexanizmi ölkəmizdə 2016-cı ildən tətbiq olunur. Bu günədək 527 sahibkarlıq subyektinə 632 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi verilmiş 550-dən artıq layihə fəaliyyətə başlayıb, digər layihələrin qurulması üzrə işlər davam etdirilir. İndiyədək 1,4 milyard ABŞ dolları dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 6497 təsdiqedici sənəd verilib və sahibkarlar tərəfindən idxalda tətbiq olunan vergi və rüsumlardan 337,9 milyon ABŞ dolları məbləğində güzəşt əldə edilib.

Sahibkarlar investisiya təşviqi sənədi almaq üçün İqtisadiyyat Nazirliyinə və ya KOB evlərinə (Bakı, Gəncə, Xaçmaz, Yevlax şəhərləri) müraciət edə bilərlər. Lazım olan sənədlər barədə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 131 Çağrı Mərkəzi də məlumat verir.

İnvestisiya qoyuluşunda daxili yatırımlar üstünlük təşkil edir, əsas sərmayəçi dövlətdir. Ona görə də, iqtisadiyyata sərmayə yatırımlarının artırılmasına ehtiyac olduğu bir zamanda real sektora sahibkarların vəsitlərinin cəlb edilməsi, bu prosesin stimullaşdırılması mühüm əhəmiyyət kəsb edir. Xüsusən də işğaldan azad olunmuş Qarabağın iqtisadiyyatının yenidən qurulmasında çox böyük həcmdə sərmayələrə ehtiyac var. Qarabağda iqtisadiyyatın yenidən qurulması sahəsində məqsəd həm də sahibkarları və onların sərmayələrini regionun iqtisadi inkişafına cəlb etməkdir. Əslində pul qazanmaq marağında olan sahibkarlar da Qarabağda fəaliyyət göstərməyə həvəsli görünürlər. Hətta artıq onların əlində konkret layihələr də var. Belə ki, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) erməni işğalından azad edilmiş ərazilərdə biznesin təşkili üçün sahibkarlardan yüzlərlə müraciət daxil olub.

Davamlı iqtisadi artıma nail olmaq üçün investisiya qoyuluşları mühüm amildir. Azəzrbaycanda daxili investisiyalar yüksək paya malikdir ki, bu da işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinə böyük həcmdə dövlət investisiyalarının yatırılması ilə əlaqədardır. İndiyədək işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasına 22 milyard manat vəsait xərclənib. Çünki işğaldan azad olunmuş ərazilərin bərpası, bu torpaqlarda həyatın əvvəlki məcrasına qaytarılması Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələdir. Hökumət 2026-cı ildə Qarabağın dirçəldilməsinə dövlət büdcəsindən 3,5 milyard manat ayırılıb. Regionda böyük miqyaslı infrastruktur layihələri həyata keçirilir. Əsas infrastruktur qurulduqdan sonra özəl səramayələr və biznes üçün imkanlar artacaq. Dövlətin yaratdığı əlverişli biznes mühiti, bir sıra vergi güzəştləri, eləcə də infrastrukturun bərpası istiqamətində görülən işlər özəl sektoru da bu ərazilərdə iş görməyə sövq edəcək.

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması əsas məqsədlərdir.

Hazırda ölkəmizdə müasir infrastruktura malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması işləri həyata keçirilir. Regionlarda kiçik və orta sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun artırılması baxımından belə sənaye məhəllələrinin əhəmiyyəti böyükdür.

Bunlarla yanaşı, sahibkarların kreditlərə, maliyyəyə olan təlabatları tam ödənilmir. İş adamlarının investisiya qoyuluşları üçün dah çox vəsaitə ehtiyacları var. Əslində Azərbaycanda qeyri-neft sektoru böyük istehsal və ixrac imkanlarına malikdir. Bu potensialdan səmərəli istifadə edilməsinə böyük ehtiyac var. Bunun üçün yerli istehsalın və ixracın stimullaşdırılması vacibdir. Habelə özəlləşdirmənin əhatə dairəsi də genişləndirməli, iri və orta müəssisələr özəlləşdirməyə açılmalıdır. Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması, iqtisadi diversifikasiya və səmərəliliyin artırılması məqsədilə struktur islahatları davamlı xarakter daşımalıdır. Bu sahəyə investisiyaların cəlb olunması mühüm əhəmiyyət kəsb edir.

2025-ci ildə ölkədə investisiyaların azalması müşahidə olunub. Belə ki, keçən il əsas kapitala 21,226 milyard manat, yaxud 2024-cü illə müqayisədə 5,6 faiz az investisiya qoyulub. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,3 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,9 faiz azalıb. İstifadə olunmuş investisiyanın 10,972 milyard manatı və ya 51,7 faizi məhsul istehsalı sahələrinə, 7,2 milyard manatı (33,8 faizi) xidmət sahələrinə, 3074,4 milyon manatı (14,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 17023,0 milyon manatını və ya 80,2 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 16018,3 milyon manatı və ya 75,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Amma 2026-cı ilin əvvəlində investisiyaların artımı müşahidə olunub. Belə ki. Bu ilin yanvar-fevral aylarında əsas kapitala 2,436 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 19,4 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 51,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 5,1 faiz artıb. Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə 34,3 faiz, xidmət sahələri üzrə 18,5 faiz artmış, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə 31,4 faiz azalıb.

Mahir Həmzəoğlu