Ukrayna müharibəsi: qərarı kim verəcək? Gündəm

Ukrayna müharibəsi: qərarı kim verəcək?

Rusiya–Ukrayna müharibəsinin davam etdiyi bir şəraitdə münaqişənin mümkün həlli yolları ilə bağlı beynəlxalq müzakirələr daha da intensivləşib. Xüsusilə Ukraynaya göstərilən siyasi və diplomatik təzyiqlər, ərazi güzəştləri ilə bağlı səsləndirilən təkliflər və böyük güclərin regiondakı maraqları məsələyə yanaşmada fərqli mövqelərin formalaşmasına səbəb olur. Son dövrlərdə bu müzakirələrdə Ukraynanın hansı şərtlərlə müharibəni dayandıra biləcəyi, eləcə də qərarvermə prosesində kimin əsas söz sahibi olduğu sualları ön plana çıxır.

Ekspertlər hesab edir ki, mövcud vəziyyət yalnız hərbi qarşıdurma ilə məhdudlaşmır, eyni zamanda beynəlxalq hüququn effektivliyi, qlobal təhlükəsizlik sistemi və geosiyasi balans baxımından ciddi çağırışlar yaradır. Bu kontekstdə Ukraynanın suveren qərar vermə hüququ, Qərbin təsir imkanları və Rusiyanın mövqeyi arasında yaranan ziddiyyətlər münaqişənin gələcək taleyini müəyyən edən əsas amillərdən biri kimi qiymətləndirilir.

“Son qərarı Ukrayna özü verməlidir”

Deputat Azər Badamov “Xalq Cəbhəsi”nə açıqlaması zamanı deyib ki, Ukraynada davam edən müharibənin mümkün həlli yolları ilə bağlı müzakirələr davam edir.

O vurğulayıb ki, müharibələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində və diplomatik yollarla həll olunması əsas prinsip kimi qalmalıdır: “Bununla yanaşı hər bir dövlət öz ərazisində davam edən münaqişənin necə həll olunacağına dair qərarı özü verməlidir.

Biz müharibələrin diplomatik yollarla və ərazi bütövlüyü prinsipi çərçivəsində həllini dəstəkləyirik. Amma istənilən halda, hər bir ölkə öz ərazisində gedən müharibənin necə başa çatdırılacağını daha yaxşı bilir və qəbul etdiyi qərarlar onun daxili işidir. Bu baxımdan həmin qərarlara hörmətlə yanaşmaq lazımdır.

Hazırda Ukraynada müharibənin ərazi güzəştləri hesabına dayandırılması istiqamətində müəyyən səylər müşahidə olunur. Bəzi məlumatlara görə, ABŞ Ukraynanı ərazilərinin bir hissəsini Rusiyaya güzəştə getməyə razı salmağa çalışır. Amma son söz yenə də Ukrayna xalqına məxsusdur. Müharibənin necə başa çatdırılacağına dair qərarı məhz Ukrayna özü verməlidir. Mövcud beynəlxalq sistem bu cür proseslərə təsir etmək gücündə deyil. Bu gün beynəlxalq hüququn effektiv işlədiyini demək çətindir. O cümlədən BMT daha çox bəyanatlarla kifayətlənən təsirsiz quruma çevrilib. Beynəlxalq siyasətdə kim güclüdürsə, o haqlıdır yanaşması üstünlük təşkil edir”.

Deputatın fikrincə, bu səbəbdən münaqişələrin həllinə ümumi kontekstdən deyil, konkret ölkənin mövqeyi əsasında yanaşmaq daha məqsədəuyğundur: “Hazırkı şəraitdə beynəlxalq hüquq mexanizmləri zəif işlədiyi üçün müharibələrin necə həll olunacağı daha çox həmin ölkənin öz qərarından asılıdır. Yəni reallıqda güc faktoru həlledici rol oynayır. Qlobal nizamın dəyişməsi zəruridir.Beynəlxalq hüququn üstün olduğu bir dünya qurulmalıdır. Əks halda mövcud yanaşmalar yeni risklər yaradacaq və bu, qlobal təhlükəsizlik üçün ciddi təhdidlər formalaşdıracaq”.

“Zelenskiyə təzyiq artır”

Millət vəkili Azər Allahverənov “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, uzun müddətdir Qərb ölkələri müxtəlif formalarda Volodymyr Zelenskyy üzərində təzyiq göstərməyə çalışırlar ki, münaqişədə güzəştə gedən tərəf məhz Ukrayna olsun və bununla da proses müəyyən şəkildə yekunlaşdırılsın.

Onun sözlərinə görə, bu yanaşma müharibənin ilk günlərindən özünü göstərirdi: “2022-ci ilin fevralın 24-dən dərhal sonra, artıq 25-26-sı tarixlərində Zelenskiyə mesajlar verilirdi ki, Kiyev qısa müddətdə işğal olunacaq və onun hakimiyyətdən devrilməsi baş verə bilər. Hətta onun ölkədən çıxarılması üçün təyyarə göndərilməsi belə təklif olunmuşdu. Bu, Ukraynanın müqavimət imkanlarının düzgün qiymətləndirilməməsi idi.

Ukrayna rəhbərliyi fərqli mövqe nümayiş etdirdi. Zelenski Ukrayna xalqının müqavimət əzmini düzgün qiymətləndirdi və açıq mübarizəyə başladı. Artıq beş ilə yaxındır müharibə davam edir və bu gün Ukraynanı məğlub tərəf kimi təqdim etmək doğru olmaz. Baxmayaraq ki, bəzi mənbələrə görə Ukrayna ərazisinin 18-22 faizi Vladimir Putin rəhbərlik etdiyi Rusiyanın nəzarətindədir, bu, Ukraynanın kapitulyasiya etməsi üçün əsas deyil. Əsas qərarverici Ukrayna xalqıdır.

Ukrayna cəmiyyəti işğalla barışmaq niyyətində deyil və əksinə, ərazilərin azad olunması istiqamətində mübarizəni davam etdirir. Bu da Zelenskiyə əlavə güc verir və onun mövqeyini daha da sərtləşdirir.

Qərb ölkələrinin yanaşması isə fərqli maraqlardan qaynaqlanır.

Avropa ölkələri daha çox öz təhlükəsizliklərini düşünərək Ukraynanı bufer zona kimi görürlər. Münaqişə onların sərhədlərindən nə qədər uzaqda qalarsa, bu, onların maraqlarına bir o qədər uyğun olur. Donald Trump yanaşmasında isə fərqli elementlər ön plana çıxır. Trampın mövqeyində müharibənin Ukraynanın güzəştə getməsi hesabına dayandırılması ideyası daha qabarıq görünür. Bu yanaşma həm də Ukraynanın resurslarının tükənməsi ilə bağlı iddialarla əsaslandırılır. Lakin real döyüş meydanında vəziyyət göstərir ki, Ukrayna nəinki müqavimətini qoruyur, hətta hərbi sənaye kompleksini inkişaf etdirərək yeni silahlar istehsal edir və Rusiyanın dərinliklərinə zərbələr endirir. Bu isə müharibənin daha da uzanmasına və eskalasiyanın artmasına səbəb olur. Donbas məsələsi də bu kontekstdə xüsusi yer tutur.

Donbas ilə bağlı tələblər Rusiya tərəfindən açıq şəkildə gündəmə gətirilir və bəzi məlumatlara görə bu, birbaşa Putin tərəfindən də səsləndirilib. Hətta bəzi mənbələrdə Donbasın təhvil verilməsi üçün iki aylıq möhlət verildiyi qeyd olunur”.

A.Allahverənov hesab edir ki, bu məsələdə müəyyən paralellər müşahidə olunur: “Bəzi hallarda Trampın və Putinin Donbasla bağlı mövqelərinin üst-üstə düşdüyü görünür. Bu isə vəziyyəti daha da mürəkkəbləşdirir və münaqişənin həllini çətinləşdirir. Bu tələblərin qəbul olunmaması müharibənin daha da şiddətlənməsi ilə nəticələnə bilər.

Əgər bu cür şərtlər qəbul olunmasa, qarşıdurmanın daha da dərinləşməsi, itkilərin artması və müharibənin yeni mərhələyə keçməsi ehtimalı yüksəkdir. Mövcud vəziyyət göstərir ki, yaxın perspektivdə kompromis əldə olunması çətin görünür”.

"Ərazi güzəştləri sülh deyil…”

Politoloq Əli Oruclu açıqlamasında deyib ki, ABŞ-ın Ukrayna ilə bağlı mövqeyi və Rusiya ilə mümkün razılaşma cəhdləri regionda yeni risklər yaradır.

O vurğulayıb ki, bu yanaşma əslində təcavüzkarın şirnikləndirilməsi və onun əməllərinə dolayısı ilə bəraət qazandırılması anlamına gəlir: “Ağ Ev rəhbərinin müharibənin dayandırılması ilə bağlı irəli sürdüyü çoxbəndli təkliflər daha çox Moskvanın maraqlarına uyğun formalaşdırılıb. Bu cür yanaşma beynəlxalq hüququn prinsiplərinə ziddir və faktiki olaraq Rusiyanın işğalçı siyasətini stimullaşdırır. Halbuki Kiyev ən ağır şərtlər altında belə münaqişənin dayandırılmasına hazır olduğunu nümayiş etdirib. Buna baxmayaraq, Kreml maksimalist mövqeyindən geri çəkilmir.

Donbasın Rusiyaya qeyd-şərtsiz verilməsi müharibənin başa çatması demək olmayacaq. Bu, sadəcə olaraq Rusiyanın növbəti işğal planları üçün “kart-blanş” yaradacaq. Donbas Ukrayna üçün həyati əhəmiyyət daşıyan bölgədir. Həm iqtisadi, həm də hərbi baxımdan bu regionun itirilməsi ölkə üçün ağır və əvəzedilməz zərbə olar.

Ərazi güzəştləri qarşılığında Ukraynaya real və etibarlı təhlükəsizlik zəmanətləri də təqdim edilmir”.

Politoloq vurğulayıb ki, burada əsas məsələ Ukraynanın suverenliyi və ərazi bütövlüyü deyil, daha çox böyük güclərin geosiyasi maraqlarıdır: “ABŞ rəhbərliyinin Rusiya ilə əlverişli sövdələşmə axtarışı Kiyevə təzyiqlərin artması ilə müşahidə olunur. Halbuki təzyiq məhz işğalçı tərəfə göstərilməlidir. Mövcud vəziyyət Rusiyanın xeyrinə inkişaf edir və bu da beynəlxalq münasibətlər sistemində təhlükəli presedent yaradır. Əgər bu yanaşma davam edərsə, güc amili hüququ üstələyəcək və bu, gələcəkdə digər münaqişələr üçün də təhlükəli nümunə olacaq. Dünya yenidən bölüşdürülmə mərhələsinə daxil olur və böyük güclərin enerji resursları və tranzit yollar üzərində nəzarət uğrunda mübarizəsi qlobal sabitliyi ciddi şəkildə risk altına alır. Ərazi güzəştləri hesabına əldə edilən sülh dayanıqlı olmayacaq.Bu, sadəcə müvəqqəti fasilə effekti yarada bilər. Reallıqda isə yeni qarşıdurmaların təməlini qoyacaq və regionda təhlükəsizliyi daha da zəiflədəcək”.

Günel Elxan