
2016-cı ilin aprelində baş verən döyüşlər Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. “Dördgünlük müharibə” kimi tanınan bu hərbi əməliyyatlar həm ordumuzun döyüş qabiliyyətini və texnoloji üstünlüyünü nümayiş etdirdi, həm də illərlə davam edən işğalın aradan qaldırılacağına dair cəmiyyətdə böyük inam yaratdı. Aprel döyüşləri yalnız lokal hərbi uğur deyil, eyni zamanda Azərbaycanın siyasi iradəsinin, xalq–ordu birliyinin və gələcək qələbələrin əsasını qoyan mühüm mərhələ kimi qiymətləndirilir.
Millət vəkili Naqif Həmzəyev “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının müstəqillik tarixinə şərəfli bir səhifə kimi yazılmış Aprel döyüşləri 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə başlayaraq 5 aprelə qədər davam etmiş əks-hücum əməliyyatı idi və bu döyüşlər “Dördgünlük müharibə” kimi tarixə düşərək 1994-cü il atəşkəs sazişindən sonra bölgədə baş vermiş ən şiddətli silahlı qarşıdurma kimi yadda qaldı".
“Tarixi zəfər”
Deputat qeyd edib ki, Azərbaycan Ordusu bu döyüşlərdə illərlə davam edən işğala qarşı güclü əks-həmlə həyata keçirərək düşməni ağır məğlubiyyətə uğratdı: “Aprel qələbəsi bütün dünyaya Azərbaycan Silahlı Qüvvələrinin döyüş qüdrətini, xalqımızın yenilməz ruhunu nümayiş etdirdi və 2020-ci il Vətən müharibəsində əldə edilən tarixi Qələbənin əsasını qoydu.2016-cı ilin mart ayından etibarən Ermənistan silahlı qüvvələri cəbhə boyu yerləşən yaşayış məntəqələrini intensiv atəşə tutmağa başlamışdı. Aprelin 1-dən 2-nə keçən gecə isə düşmən bütün mövqelərimizi və mülki əhalini ağır artilleriya atəşinə məruz qoydu. Bu təxribat nəticəsində dinc sakinlər arasında itkilər oldu, yaralananlar qeydə alındı. Ermənistanın bu cür təxribatlara əl atmasının əsas səbəbi danışıqlar ərəfəsində vəziyyəti gərginləşdirərək diqqəti daxili problemlərdən yayındırmaq idi. Döyüşlər əsasən 257 kilometr uzunluğunda təmas xətti boyunca cərəyan edib. Ağdərə, Tərtər, Ağdam və Xocavənd-Füzuli istiqamətləri ən gərgin döyüş bölgələrinə çevrildi. Azərbaycan Ordusu düşmənin təxribatlarına cavab olaraq sürətli və uğurlu əks-hücum əməliyyatı həyata keçirdi. Ordumuz müasir hərbi texnologiyalardan, o cümlədən artilleriya qurğularından və pilotsuz uçuş aparatlarından effektiv istifadə edərək düşmənə ağır zərbələr endirdi.
Bu döyüşlər nəticəsində bir sıra mühüm strateji mövqelər azad edildi. Tərtərin Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı kəndi ətrafındakı ərazilər, Goranboyun Gülüstan istiqaməti və Ağdərə-Madagiz yollarına nəzarət tam təmin olundu. Ümumilikdə Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının 2000 hektardan artıq ərazisi işğaldan azad edildi, minlərlə hektar ərazi isə ordumuzun nəzarətinə keçdi.
Ermənistan tərəfi də ciddi itkilərə məruz qaldı: “Düşmənin onlarla tankı, artilleriya qurğusu məhv edildi, yüzlərlə hərbçisi zərərsizləşdirildi və yaralandı. Bu, illərlə formalaşdırılmış məğlubedilməz erməni ordusu mifinin tamamilə dağılması ilə nəticələndi”.
N.Həmzəyev qeyd edib ki, Aprel döyüşləri həm də hüquqi baxımdan Azərbaycanın üstün mövqeyini təsdiqlədi: “Azərbaycan Ordusu əks-hücum əməliyyatını öz beynəlxalq hüquqla tanınmış ərazilərində həyata keçirdi. Bu səbəbdən beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycan əleyhinə hər hansı ciddi mövqe ortaya qoya bilmədilər. Aprelin 5-də əldə olunan atəşkəs razılaşması Azərbaycanın sülhə sadiqliyini bir daha göstərdi. Bununla yanaşı, may ayında Vyanada, iyun ayında isə Sankt-Peterburqda keçirilən görüşlər münaqişənin diplomatik yolla həllinə üstünlük verildiyini nümayiş etdirdi. Aprel döyüşlərinin ən mühüm nəticələrindən biri Cocuq Mərcanlının dirçəlişi oldu. Lələtəpə yüksəkliyinin azad olunması nəticəsində kənddə təhlükəsizlik təmin edildi və Prezident İlham Əliyevin sərəncamı ilə burada genişmiqyaslı bərpa işlərinə başlanıldı. 23 illik fasilədən sonra insanların doğma torpaqlarına qayıtması "Böyük Qayıdış"ın ilk uğurlu nümunələrindən biri oldu.
Bu döyüşlər beynəlxalq ictimaiyyətin diqqətini yenidən regiona yönəltdi və Azərbaycanın mövqeyini gücləndirdi. Dünya azərbaycanlıları müxtəlif ölkələrdə aksiyalar keçirərək Ermənistanın işğalçı siyasətinə etirazlarını bildirdilər və Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirdilər. Aprel döyüşləri 2020-ci il Vətən müharibəsinin əsasını qoyan ən mühüm mərhələlərdən biri idi. Bu döyüşlər Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini və torpaqlarımızı azad etmək əzmini bir daha nümayiş etdirdi. Aprel döyüşləri tariximizdə qəhrəmanlıq salnaməsi kimi qalacaq və gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaq”.
Günel Elxan