22:51
385
“Avropa İttifaqının 27 ölkəsi arasında enerji asılılığını aradan qaldırmaqda ən böyük çətinliklə üzləşən dövlətlər Macarıstan və Slovakiyadır”.
Bu fikirləri iqtisadçı ekspert Akif Nəsirli Xalqcebhesi.az-a açıqlamasında vurğulayıb.
Onun sözlərinə görə, hər iki ölkə Rusiyadan qazı “Türk Axını” vasitəsilə alır və alternativ olaraq ABŞ-ın təklif etdiyi LNG ilə bu boşluğu doldurmaq imkanında deyil:
“Macarıstan və Slovakiyanın dənizə çıxışı olmadığından LNG-nin limanlar vasitəsilə ölkəyə daşınması həm çətin, həm də çox bahalıdır. Bu səbəbdən həmin ölkələr 2027-ci ilin əvvəlindən Rus qazından imtina etməyə hazır olan digər 25 Aİ ölkəsindən fərqli olaraq, hələ də ciddi enerji asılılığı yaşayırlar. Belə bir şəraitdə Azərbaycanın hər iki ölkə ilə qaz tədarükü barədə imzaladığı müqavilələr Avropa üçün strateji əhəmiyyət daşıyır. Slovakiyaya ötən ildən pilot layihə çərçivəsində qaz verilir və son səfər zamanı bu əməkdaşlıq genişləndirildi. Azərbaycan gələcəkdə Avropaya ildə təxminən 20 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır. Slovakiyanın illik 4–5 milyard, Macarıstanın isə 7–8 milyard kubmetr tələbatı nəzərə alınsa, Azərbaycan hər iki ölkənin enerji təminatında müstəsna rol oynaya bilər. Bu tədarük təkcə iki ölkənin ehtiyacını təmin etmir, həm də bütövlükdə Avropanın Rusiyadan enerji asılılığını azaltmaq baxımından mühüm addımdır.Bu həm Azərbaycan üçün qaz ixracının şaxələndirilməsi baxımından sərfəlidir, həm də Avropa üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan bugün Avropanı qaz asılılığından xilas edən əsas alternativ mənbə kimi çıxış edir”.
Akif Nəsirlinin sözlərinə görə, Azərbaycanın bu istiqamətdə atdığı addımlar həm regional enerji xəritəsini dəyişir, həm də ölkənin strateji rolunu daha da gücləndirir.
Günel Elxan