18:38
784
“Azərbaycanın şirin su mənbələri əsasən ölkə hüdudlarından kənarda yerləşir. Bu da hər zaman şirin su ilə bağlı müəyyən çətinliyin yaranmasına səbəb ola bilər. Həm də biz dünyada su qıtlığı ilə qarşılaşmaq təhlükəsi gözlənilən ölkələr sırasında yer alırıq. Son illər iqlim dəyişiklikləri nəticəsində şirin su mənbələrində su axınlarının azalması da müşahidə olunur”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov deyib.
Deputat əlavə edib ki, bu baxımdan şirin su resurslarından səmərəli istifadə olunması çox vacib məsələlərdən biridir: “Bu, ilk növbədə şirin sudan istifadə olunması ilə bağlı qənaət olunmasıdır. Yəni suyun israfçılığın qarşısının alınması istiqamətində tədbirlər görülməlidir. Digər vacib məsələ isə yağış və qar sularının düzgün idarə olunmasıdır. Düzdür, bundan ölkəmizdə hələ də istifadə olunmur. Amma Türkiyədə yağış və qar suları xüsusi barajlara yığılır və sonra da istifadə olunur. Ölkəmizdə şəhərlərdə yağış və qar sularının yığılması üçün xüsusi infrastruktur qurulmalıdır. Məsələn, Bakının özündə xüsusi drenaj sistemləri qurulmaqla yağış və qar sularını xüsusi anbarlara yığmaq mükündür”.
A.Badamovun sözlərinə görə, anbarlarda yığılmış yağış və qar suyundan ilkin mərhələdə texniki məqsədlər üçün istifadə etmək olar: “Anbarlarda yığılmış yağış və qar sularını yaşıllıqların suvarılmasında, avtomobil yuma məntəqələrində, sənaye müəssisələrində istifadə etmək olar. Bu məqsədlər üçün böyük həcmlərdə içməli su istifadə olunur. Bu da nəticədə şəhərdə suyun verilməsində fasilələrin yaranmasına səbəb olur. Xüsusilə yay aylarında su qıtlığı meydana gələ bilər. Təbii ki, gələcəkdə ehtiyac yaranacağı təqdirdə xüsusi filtirlərdən keçirməklə içməli su kimi də vermək mümkündür. Bu baxımdan yağış və qar sularının idarə edilməsi üçün şəhərlərdə müvafiq infrastrukturun yaradılması vacibdir. Bu gün biz şirin su qıtlığını o qədər də hiss etməsək də bir neçə ildən sonra bu, böyük problemə çevrilə bilər. Təbii ki, qabaqlayıcı tədbirlər görülərsə, biz indidən gələcəkdə yarana biləcək problemlərin qarşısını almış olarıq”.
Röya İsrafilova