18:56
553
“Bayram yarmarkalarının təşkili forması onların bazar qiymətlərinə ciddi təsir imkanlarını xeyli məhdudlaşdırır”.
Bunu iqtisadçı ekspert Rəşad Həsənov Xalqcebhesi.az-a açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, yarmarkaların sayı, təklif bazarında tutduğu pay, eləcə də iştirak edən sahibkarlıq subyektlərinin növü və strukturu bu alətin effektivliyini azaldır:
“Bir çox hallarda bayram yarmarkaları kütləvi xarakter daşımır, məhdud ərazilərdə təşkil olunur. Bu da əhalinin onlardan geniş şəkildə istifadə etməsinə imkan vermir.
Digər əsas problem iştirakçıların tərkibi ilə bağlıdır.Yarmarkalarda çox vaxt birbaşa istehsalçılar, fermerlər və ailə kənd təsərrüfatları deyil, pərakəndə ticarətlə məşğul olan sahibkarlıq subyektləri iştirak edir. Nəticədə optimal qiymətlər formalaşmır. Bu subyektlər öz əsas bazarlarında mövcud olan tələb-təklifə uyğun qiymətləri təklif edirlər və bu da yarmarkaların qiymət üstünlüyünü aradan qaldırır. Yer məhdudiyyəti və sərbəst giriş-çıxışın olmaması birbaşa istehsalçıların prosesdə iştirakını daha da çətinləşdirir.Fermerlərin və ailə-kənd təsərrüfatlarının yarmarkalara çıxış imkanlarının məhdud olması qiymət üstünlüyünün itirilməsində əsas faktorlardan biridir”.
R.Həsənovun fikrincə, mövcud şəraitdə bayram yarmarkaları daha çox bayram əhval-ruhiyyəsinin yaradılmasına xidmət edən bir aktivlik kimi çıxış edir:
“Bu yarmarkalar bazarda təklif bolluğunun yaradılması, qiymət optimallığının təmin olunması və azgəlirli sosial qruplar üçün əlçatanlığın artırılması kimi hədəfləri reallaşdıra bilmir. Ona görə də düşünmürəm ki, bayram yarmarkaları makro səviyyədə bazara ciddi təsir göstərsin”.
Günel Elxan