ABŞ-İran danışıqları: Cenevrədə növbəti raund nə vəd edir? Gündəm

ABŞ-İran danışıqları: Cenevrədə növbəti raund nə vəd edir?

ABŞ-İran arasında gərginlik davam edir və hətta hər keçən gün daha da artır. İki ölkə nümayəndələrinin görüşü fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə keçirilib. Qeyd edilir ki, fevralın 26-da isə Cenevrədə ABŞ-İran nümayəndələrinin növbəti görüşü olacaq.

Nəticə nə ola bilər?

Milli Məclisin deputatı Elman Nəsirov söyləyib ki, fevralın 26-da Cenevrədə ABŞ-İran arasında danışıqlarının üçüncü raundu başlanacaq: “Birinci və ikinci raundlar heç bir nəticə verməyib və ABŞ də İrana qarşı müharibəyə hazırlıqla bağlı prosesi öz məntiqi sonluğuna çatdırmaq niyyətindədir. Misli görünməmiş miqyasda silah-sursat, hərbi texnika, təyyarələr, gəmilər Fars körfəzinə yan almaqdadır. Hadisələr 2003-cü ilin mart ayını xatırladır. O zaman ABŞ İraqa qarşı müharibəyə hazırlaşarkən də eyni addımlar atılırdı, eyni hazırlıq tədbirləri görülürdü”.

“Müharibə başlayacaq”

Deputat əlavə edib ki, bu baxımdan analoji vəziyyəti müqayisə etsək indi daha çox bu sual müzakirə olunur ki, müharibə nə vaxt başlayacaq? Müharibə başlayacaq və ya başlamayacaq sualı indi aktual deyil: “Müharibə başlayacaq, sadəcə onun nə vaxt başlayacağı sualı ətrafında bu gün baş sındırılır. ABŞ Prezidenti Donald Tramp isə qeyd edib ki, biz İrana 10-15 gün vaxt veririk: birincisi, nüvə proqramından imtina etsin, ikincisi, yaxın, orta, uzaqmənzilli raket istehsalı proqramından imtina etsin, prosesi dayandırsın və həm də Yaxın Şərqdə Hizbullahı, HƏMAS-ı maliyyələşdirmək siyasətindən imtina etsin. Bu üç tələb yerinə yetiriləcəyi təqdirdə İranla danışıqlar və müharibəsiz keçinmək olar”.

“Proseslər kritik mərhələyə daxil olub”

E.Nəsirovun sözlərinə görə, ABŞ Prezident administrasiyasına yaxın mətbu orqanların verdiyi məlumata görə hətta İranın ali dini rəhbərinə qarşı da müəyyən planlar hazırlanıb: “Bu, ABŞ mətbuatının yaydığı məlumatlardır. Onların nə dərəcədə dəqiq olub-olmayacağı haqqında bir şey söyləmək çətindir. Amma hər bir halda proseslər kritik mərhələyə daxil olub və bu baxımdan Cenevrə danışıqlarına böyük ümidlər var. Çünki bu danışıqlar da nəticəsiz qalsa onda müharibəyə yol açılmış olacaq və onun qarşısını almaq istiqamətində hər hansı bir maneə olacağının işartısı belə görünmür”.

“Münasibətlər qarşıdurma xarakterini qoruyur”

Politoloq Yusif Bağırzadə qeyd edib ki, son illərdə ABŞ-İran arasında dolayı da olsa təmaslar davam etsə də, münasibətlər struktur olaraq qarşıdurma xarakterini qoruyur: “Bu səbəbdən görüşün nəticəsini proqnozlaşdırarkən həm siyasi reallıqlar, həm də qarşılıqlı etimadsızlıq faktoru əsas götürülməlidir. Məlumdur ki, müzakirələrin mərkəzində yenə də İranın nüvə proqramı dayanır. 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı bir zamanlar böhranın diplomatik həlli kimi təqdim olunsa da, ABŞ-nin 2018-ci ildə sazişdən çıxması balansı pozdu. Bundan sonra Tehran uranın zənginləşdirilməsi səviyyəsini artırdı, Vaşinqton isə sanksiyaları sərtləşdirdi. Hazırkı mərhələdə tam şəkildə həmin sazişə qayıdış real görünmür”.

“Əsas prioritet İranın nüvə potensialının nəzarətdə saxlanılmasıdır”

Politoloq deyib ki, ABŞ üçün əsas prioritet İranın nüvə potensialının nəzarətdə saxlanılması və Yaxın Şərqdə eskalasiyanın qarşısının alınmasıdır: “Vaşinqton həm də İsrail və Körfəz müttəfiqlərinin təhlükəsizlik narahatlıqlarını nəzərə almağa məcburdur. İran üçün isə əsas məsələ iqtisadi sanksiyaların yumşaldılması, enerji ixracının genişləndirilməsi və maliyyə sisteminə çıxışın bərpasıdır. Daxili iqtisadi təzyiq Tehranın danışıqlara marağını artırsa da, siyasi baxımdan geri addım görüntüsündən yayınmaq istəyi kompromis imkanlarını məhdudlaşdırır”.

“Hərbi əməliyyatlar qaçılmaz olacaq”

Y.Bağırzadə əlavə edib ki, mövcud şərtləri nəzərə alaraq ən uyğun razılaşma təbii ki, İran tərəfindən zənginləşdirmə prosesini müəyyən səviyyədə dondura və ya monitorinq mexanizmlərini genişləndirməklə bağlı ola bilər: “Yəni İran beynəlxalq nəzarət altında uranın kiçik dərəcədə və müəyyən həcmdə zənginləşdirilməsinə razılıq verə bilər. ABŞ də öz növbəsində bəzi sanksiyaların tətbiqini yumşalda bilər. Bu, şübhəsiz ki, hərtərəfli saziş deyil, amma yenə də gərginliyin idarə olunması üçün yeganə imkan olaraq görünür. Yox, əgər İran bundan da imtina edəcəksə və ya hansısa şərtlər irəli sürəcəksə o zaman gərginlik daha da artacaq və hərbi əməliyyatlar qaçılmaz olacaq”.

Röya İsrafilova