İdman psixoloqu: Hər uğur son nöqtə deyil, növbəti mərhələnin başlanğıcıdır İdman

İdman psixoloqu: Hər uğur son nöqtə deyil, növbəti mərhələnin başlanğıcıdır

Azərbaycan futbolunda son illər diqqətçəkən əsas məsələlərdən biri də gənc və perspektivli oyunçuların parlamağa başladığı zaman “ulduz xəstəliyi”nə tutulmasıdır. Erkən yaşda qazandıqları populyarlıq, cəmiyyətdə və sosial şəbəkələrdə artan diqqət, uğurlar bəzi futbolçuların peşəkar inkişafına mənfi təsir göstərir.

Bəs, görəsən, bunun kökündə nə dayanır və əsas səbəbi nədir?

Məsələ ilə bağlı sualımızı əvvəlcə idman psixoloqu Fatimə Cəfərliyə üvnanladıq. Onun sözlərinə görə, idmanda yüksəliş çox vaxt təkcə fiziki deyil, həm də psixoloji sınaqdır: “Elvin Cəfərquliyev kimi sürətlə inkişaf edən oyunçulara diqqət, tərif və onlardan gözləntilər artdıqca, davranış balansını qorumaq çətinləşə bilər. Bu məqamda “ulduz xəstəliyi” riski də ortaya çıxır. Futbolçu meydanda nə qədər sürətli qaçırsa, psixoloji olaraq bir o qədər yavaşlamağı bacarmalıdır. Çünki əsas təhlükə elə burada — özünü həddindən artıq rahat hiss etməyə başladığı anda yaranır. Birincisi, oyunçu özünü daim inkişaf edən sistem kimi görməlidir, hazır məhsul kimi yox. Bu yanaşma psixologiyada inkişafyönümlü düşüncə adlanır. Yəni, hər uğur son nöqtə deyil, növbəti mərhələnin başlanğıcıdır. Məşqçi heyəti və psixoloq futbolçuya təkcə tərif deməli deyil, həm də balanslı və konkret rəy verməlidir. Bu, şişirdilmiş özünüqiymətləndirmənin qarşısını alır. Belə futbolçularla işləməkdə əsas prinsip — təzyiq yox, doğru motivasiyadır. Məşqçi və psixoloq burada komanda işi qurmalıdır. “Ulduz xəstəliyi” birdən yaranmır. Bu, nəzarətsiz uğurun nəticəsidir”.

Vetaran futbolçu, Azərbaycan millisinin sabiq baş məşqçisi Arif Əsədovun məsləyə yanaşması isə belə oldu: “Yerli oyunçuları ulduz səviyyəsinə qaldırmaq lazım deyil. Ulduz Kriştianu Ronaldu və ya Lionel Messidir. Bizdə futbolçular mərhələ-mərhələ yaxşı oynayırlar. Bu da düşdükləri mühitdən asılıdır. Məsələn, “Qarabağ”da yerli və xarici futbolçular Qurban Qurbanovun, həmçinin də klub rəhbərliyinin qoyduğu sistemə uyğun inkişaf edirlər. Futbolçunu tez-tez tərifləyəndə onun düşdüyü mühitə də fikir vermək lazımdır. Bəzi yerli oyunçularımız Azərbaycandan “ulduz” adı ilə gedirlər, lakin xarici klubda heç nə edə bilməyib geri dönürlər. Məsələn, Mahir Emreli Ağdam klubunda oynayanda ona tənqidlər yağırdı. Bu fikirlər Nəriman Axundzadəyə də aiddir. Nərimanı təndiqlərlə elə hala saldılar ki, məcburiyyətdən ABŞ-yə getməli oldu. Bizim futbolçular xarici oyunçulardan geri qalmırlar. Sadəcə, tərifi xoşlayırlar. Sonrakı inkişaf isə davam etmir”.