
“WUF13 kimi qlobal miqyaslı tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, dövlət idarəçiliyində çevik və strateji yanaşmanın bariz nümunəsidir”.
Bunu Milli Məclisin deputatı Elnarə Akimova “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, belə beynəlxalq forumlar yalnız ölkənin qlobal imicini gücləndirmir, eyni zamanda idarəetmə sisteminin dayanıqlılığını və çevik qərarvermə qabiliyyətini də ortaya qoyur: “Təbii ki, belə tədbirlər zamanı şəhərin nəqliyyat yükü artır, təhlükəsizlik tədbirləri gücləndirilir, beynəlxalq nümayəndə heyətlərinin rahat hərəkəti üçün xüsusi logistika planları hazırlanır. Bu şəraitdə təhsil müəssisələrinin müvəqqəti olaraq onlayn tədrisə keçidi sadəcə texniki qərar deyil, müasir təhsil siyasətinin strateji dayanıqlılıq modelidir. Artıq dünya sübut edib ki, təhsil yalnız məktəb binasının divarları arasında məhdudlaşmamalıdır. Pandemiya dövrü göstərdi ki, fövqəladə vəziyyətlərə hazır olmayan təhsil sistemlərində ciddi boşluqlar yaranır. Azərbaycan isə həmin dövrdən mühüm nəticələr çıxardı. Rəqəmsal platformaların genişləndirilməsi, müəllimlərin distant tədris bacarıqlarının artırılması, elektron resursların inkişafı və çevik idarəetmə bu gün təhsilin fasiləsizliyini təmin edir”.
Deputat vurğulayıb ki, burada əsas məsələ dərsin hansı formatda keçirilməsi deyil, təhsilin dayanmamasıdır: “Ən böyük risk bir neçə günlük təşkilati çətinlik səbəbindən minlərlə şagird və tələbənin tədris ritminin pozulmasıdır. Dövlət isə bunu önləyir. Yəni mesaj aydındır – ölkədə hansı beynəlxalq tədbir keçirilirsə keçirilsin, təhsil prosesi dayanmayacaq”.
Millət vəkili əlavə edib ki, bu qərar şəhər idarəçiliyi ilə təhsil siyasətinin koordinasiyalı şəkildə işlədiyini göstərir: “Müasir dövlət yalnız problem yarananda reaksiya vermir, problemi əvvəlcədən hesablayır və idarə edir. Bakının qlobal tədbirlərə ev sahibliyi etməsi siyasi və iqtisadi dividendlər qazandırır, investisiya mühiti güclənir, turizm və xidmət sektoru canlanır. Bu böyük strateji qazanc fonunda təhsil sisteminin qısa müddətli çevik adaptasiyası ağıllı idarəetmənin nümunəsidir”.
Elnarə Akimova sonda bildirib ki, müvəqqəti onlayn tədris zəiflik deyil, əksinə sistemin güc göstəricisidir: “Əgər dövlət bir neçə saat içində minlərlə sinfi fiziki auditoriyadan rəqəmsal platformaya problemsiz daşıya bilirsə, bu, idarəetmə qabiliyyətinin yüksək səviyyəsidir. Güclü dövlət dəyişən şəraitə uyğunlaşan, amma əsas prioritetlərindən geri çəkilməyən dövlətdir. Təhsil isə həmin prioritetlərin ən başında dayanır”.
Günel Elxan