17:35
581
İsrail hərbçiləri Livanın cənubundakı Deyr-Amess yaşayış məntəqəsinin sakinlərini gözlənilən hava zərbəsi barədə xəbərdar edib və onlardan təcili olaraq təxliyə olunmalarını tələb edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (ÇAXAL) nümayəndəsi Avixay Edri "X" sosial şəbəkəsində ərəb dilində məlumat verib ki, şiə təşkilatı olan "Hizbullah"ın yaraqlıları bu kənddən silahlı hücumlar həyata keçirirlər.
"Deyr-Amessdən edilən raket atəşləri İsrail ordusunu terrorçulara qarşı qətiyyətli tədbirlər görməyə vadar edir. Buna görə də, təhlükəsizliyiniz naminə dərhal evlərinizi tərk etməli və kənddən ən azı bir kilometr uzaqlaşmalısınız", - deyə hərbi nümayəndənin bəyanatında bildirilir.
"Lebanon 24" xəbər portalının daha əvvəl verdiyi məlumata görə, İsrail aviasiyası günün birinci yarısında cənubdakı Tulin şəhərinə hava reydi təşkil edib. Livan Səhiyyə Nazirliyinin məlumatına görə, nəticədə orada azı iki nəfər həlak olub.
Sur şəhəri ətrafındakı Əl-Mənsuri və Buyut-əs-Səyyad kəndləri isə artilleriya atəşinə tutulub. Oradan xəsarət alanlar barədə məlumat daxil olmayıb.
Məryəm Quliyeva