11:09
581
Müharibə hələ bitməsə də, ABŞ və İsrailin İranla bağlı hədəflərinə nail olduqlarını demək olar. Bu müharibədə tərəflərin fərqli məqsədləri var idi: İsrail İranın tam məhvini, ABŞ isə regionda konflikt vasitəsilə Körfəz və İran neft ixracını nəzarətə alaraq Çinlə iqtisadi və hərbi münasibətlərə təsir göstərməyi hədəfləyirdi.
Bunu xalqcebhesi.az-a politoloq Vüqar Dadaşov deyib.
"Hələ ki, bu müharibə ABŞ və Trampın hərbi və şəxsi nüfuzunu zədələmiş görünsə də, ABŞ Körfəz ölkələrini elə vəziyyətə saldı ki, onlar artıq partnyor deyil, vassal mövqeyinə düşdü. Trampın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanı təhqir etməsi də bunu göstərir" - politoloq deyib.
Onun fikrincə, əlbəttə ki, ərəblər Trampı bağışlayan deyil, lakin hazırkı şəraitdə adekvat reaksiya verilməyəcək. Trampın isə alçaldıcı davranışı ərəb ölkələri üçün ciddi strateji dəyişikliklərə səbəb ola bilər:
"Körfəz ölkələrinin İran qarşısında müdafiəsizliyi onları ABŞ-la münasibətləri yenidən nəzərdən keçirməyə, strateji müttəfiqliyi dəyişərək Çin, Rusiya və ya Türkiyə kimi alternativlərə yönəldə bilər. Artıq Pakistanla nüvə təhlükəsizlik çətiri barədə danışıqların aparıldığı da bildirilir. Əgər ABŞ-ın planlaşdırdığı quru əməliyyatları uğurlu olarsa, Hörmüz boğazına tam nəzarət edəcək. Bu baxımdan, Xark adasından daha çox Hörmüz boğazı və Hörmüzqan sahillərinə nəzarət əsas hədəf kimi görünür. Hətta Hörmüzqanın müstəqilliyi bufer zonası kimi də gündəmə gələ bilər.
Bu isə o deməkdir ki, region və Körfəz faktiki olaraq ABŞ-ın nəzarətinə keçir. Regiona azı 50 min ABŞ elit hərbi qüvvəsinin cəlb edilməsi quru əməliyyatları ehtimalını artırır. Lakin danışıqların getməsi quru əməliyyatlara ehtiyacı azalda bilər. Artıq ölkədə vahid və təsirli siyasi qərarvermə mərkəzi görünmür. İrandan Türkiyəyə edilən növbəti raket hücumu da buna sübutdur".
Cavid