“Neftin qiymətinin artmasının Azərbaycana təsiri ikili xarakter daşıyır” Gündəm

“Neftin qiymətinin artmasının Azərbaycana təsiri ikili xarakter daşıyır”

“Hazırda neftin qiymətinin artması İran müharibəsi və Hörmüz böhranı ilə əlaqədardır. Geosiyasi amillərin təsiri altında neftin qiyməti artır. Həmin təsirlər zəifləyəndə isə neftin qiyməti aşağı düşür. Hazırda neftin qiyməti İran müharibəsindən əvvəlki səviyyədən xeyli yüksəkdir. Lakin sabit yüksəklik nümayiş etdirilmir. Bir gün neftin qiyməti 100 dollardan yuxarı qalxır, sonrakı günlərdə isə qismən də olsa aşağı enir və bu proses müəyyən vaxt kəsiyi ilə neftin qiymətinin 100 dollardan yuxarı səviyyədə qaldığı şəraitdə ziqzaqlarla bir-birini əvəz edir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli söyləyib.

Deputat qeyd edib ki, bununla belə Hörmüz boğazında yaranan təhlükə neft bazarına çox ciddi təsir göstərir: “Hadisə və proseslər bu cür davam etsə, neftin qiymətinin müəyyən məqamlarda qısamüddətlərdə də olsa 150, hətta 200 dollara qədər qalxacağı da proqnozlaşdırılır. Amma indi neftin qiyməti elə bir vəziyyətdədir ki, eyni zamanda, onu şərtləndirən geosiyasi vəziyyətlər də çox qeyri-müəyyən vəziyyətdə olduğuna görə neftin qiymətinin dəqiq, yaxud da dəqiqliyə yaxın səviyyədə proqnozunu vermək mümkünsüzdür. Dünya bazarında neft ixrac edən bir ölkə kimi Azərbaycan üçün bu məsələ xüsusi maraq doğurur. Məlum olduğu kimi, Azərbaycanın 2026-cı ilin dövlət büdcəsində baza ssenarisi üzrə neftin 1 barelinin qiyməti 65 dollardan götürülüb. İran müharibəsinə qədər dünya bazarında neftin qiyməti elə həmin səviyyə ətrafında bir qədər aşağı düşmə, bir qədər yuxarı qalxma şəraitində hərəkət edirdi”.

Ə.Məsimlinin sözlərinə görə, İran müharibəsindən sonra isə qlobal neft bazarında neftin qiyməti kəskin sürətdə artıb: “Yüksək neft qiymətləri Dövlət Neft Fondunun, dövlət büdcəsinin gəlirlərinin, eləcə də valyuta ehtiyatlarımızın artmasına səbəb oldu. Bununla belə onu bildirmək lazımdır ki, neftin qiymətinin artmasının Azərbaycana təsiri ikili xarakter daşıyır. Təbii ki, neftin qiymətinin artması ilə Azərbaycan əlavə gəlir əldə edəcək və bu əlavə gəlir neftin qiyməti neçə gün yüksək olsa onların sayına uyğun sürətdə də artacaq. Amma bu, məsələnin yalnız bir tərəfidir. Ona görə ki, biz nefti yüksək qiymətlə satdığımız kimi istehlak etdiyimiz məhsulların çoxunu da xaricdən aldığımıza görə neftin qiymətinin qalxması o zəncirin bütün həlqələrinə təsir göstərməklə əksər məhsulların maya dəyərinə və logistika xərclərinə təsir edir. Bu isə dünya bazarında digər məhsulların da qiymətlərinin artmasına səbəb olur ki, həmin proses artıq bilavasitə həm psixoloji, inflyasiya gözləntiləri və digər amillərin təsiri ilə görünməyə başlayır. Ona görə də bir tərəfdən neftin qiymətinin qalxması Azərbaycana əlavə bir gəlir gətirir, digər tərəfdən isə biz aldığımızın məhsulların xeyli hissəsini əvvəlki qiymətlərdən daha yüksək qiymətə alacağıq. Bu isə idxal inflyasiyasını və onun ardınca isə qiymət artımının sürətini yüksəldəcək”.

Röya İsrafilova