“Ərazi güzəştləri sülh deyil, yeni təhlükələrin başlanğıcıdır” Gündəm

“Ərazi güzəştləri sülh deyil, yeni təhlükələrin başlanğıcıdır”

ABŞ-ın Ukrayna ilə bağlı mövqeyi və Rusiya ilə mümkün razılaşma cəhdləri regionda yeni risklər yaradır.

Bunu politoloq Əli Oruclu “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

O qeyd edib ki, bu yanaşma əslində təcavüzkarın şirnikləndirilməsi və onun əməllərinə dolayısı ilə bəraət qazandırılması anlamına gəlir: “Ağ Ev rəhbərinin müharibənin dayandırılması ilə bağlı irəli sürdüyü çoxbəndli təkliflər daha çox Moskvanın maraqlarına uyğun formalaşdırılıb. Bu cür yanaşma beynəlxalq hüququn prinsiplərinə ziddir və faktiki olaraq Rusiyanın işğalçı siyasətini stimullaşdırır. Halbuki Kiyev ən ağır şərtlər altında belə münaqişənin dayandırılmasına hazır olduğunu nümayiş etdirib. Buna baxmayaraq, Kreml maksimalist mövqeyindən geri çəkilmir.
Donbasın Rusiyaya qeyd-şərtsiz verilməsi müharibənin başa çatması demək olmayacaq.Bu, sadəcə olaraq Rusiyanın növbəti işğal planları üçün ‘kart-blanş’ yaradacaq. Donbas Ukrayna üçün həyati əhəmiyyət daşıyan bölgədir. Həm iqtisadi, həm də hərbi baxımdan bu regionun itirilməsi ölkə üçün ağır və əvəzedilməz zərbə olar.
Ərazi güzəştləri qarşılığında Ukraynaya real və etibarlı təhlükəsizlik zəmanətləri də təqdim edilmir”.
Politoloq vurğuıayıb ki, burada əsas məsələ Ukraynanın suverenliyi və ərazi bütövlüyü deyil, daha çox böyük güclərin geosiyasi maraqlarıdır: “ABŞ rəhbərliyinin Rusiya ilə əlverişli sövdələşmə axtarışı Kiyevə təzyiqlərin artması ilə müşahidə olunur. Halbuki təzyiq məhz işğalçı tərəfə göstərilməlidir. Mövcud vəziyyət Rusiyanın xeyrinə inkişaf edir və bu da beynəlxalq münasibətlər sistemində təhlükəli presedent yaradır. Əgər bu yanaşma davam edərsə, güc amili hüququ üstələyəcək və bu, gələcəkdə digər münaqişələr üçün də təhlükəli nümunə olacaq. Dünya yenidən bölüşdürülmə mərhələsinə daxil olur və böyük güclərin enerji resursları və tranzit yollar üzərində nəzarət uğrunda mübarizəsi qlobal sabitliyi ciddi şəkildə risk altına alır. Ərazi güzəştləri hesabına əldə edilən sülh dayanıqlı olmayacaq.Bu, sadəcə müvəqqəti fasilə effekti yarada bilər. Reallıqda isə yeni qarşıdurmaların təməlini qoyacaq və regionda təhlükəsizliyi daha da zəiflədəcək”.

Günel Elxan