“Bazarda bahalaşma süni xarakter daşıyır” Gündəm

“Bazarda bahalaşma süni xarakter daşıyır”

“Son günlər intensiv yağışlar və sel hadisələrinin kənd təsərrüfatı məhsullarının qiymətlərinə təsiri ilə bağlı müzakirələr aparılır”.
Mövzu ilə bağlı iqtisadçı ekspert Günay Hüseynova “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki, hazırkı dövrdə qiymət artımı üçün real iqtisadi əsaslar mövcud deyil.

Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarının mövsümü olduğu üçün qiymətlər ya stabil qalmalı, ya da enməlidir:
“Hazırda hər hansı qiymət artımından danışmaq düzgün deyil. Əgər bazarda bahalaşma müşahidə olunursa, bu, daha çox süni qiymət artımı və işbazların manipulyasiyası ilə bağlıdır. Son sel hadisələri əsasən Bakı və Sumqayıt ərazilərində müşahidə olunub və bu, texniki səbəblərlə bağlıdır.İntensiv yağışların normadan artıq yağması, şəhərin bəzi yerlərində kanalizasiya sistemlərinin köhnəlməsi, həmçinin Sumqayıtda su borusunun partlaması bu vəziyyəti şərtləndirdi. Regionlarda isə problem bu səviyyədə qeydə alınmayıb.
Kənd təsərrüfatı məhsullarının əsas hissəsi regionlarda istehsal olunduğu üçün qiymət artımı üçün əsas yoxdur.Əsas istehsal regionlarda həyata keçirilir və orada ciddi zərər qeydə alınmayıb. Bu baxımdan qiymətlərin artması iqtisadi baxımdan əsaslandırılmış deyil”.

Ekspert əlavə edib ki, intensiv yağışlar müəyyən qədər məhsuldarlığa təsir göstərə bilər, lakin bu, bazarda kəskin dəyişiklik yaratmamalıdır:
“Gələcək aylarda məhsuldarlığa müəyyən təsir ehtimalı var. Amma idxal imkanları hesabına bazarda qiymətlərin tarazlaşdırılması mümkündür. Mövcud vəziyyətlə bağlı təşvişə ehtiyac yoxdur.
Kənd təsərrüfatı məhsulları ilə bağlı hər hansı ciddi risk və ya panika üçün əsas yoxdur. Bazar vəziyyəti nəzarətdədir və qiymətlərin sabit qalacağı gözlənilir”.

Günel Elxan