“Tərəflər arasında ciddi razılaşmaların əldə olunması real görünmür” Gündəm

“Tərəflər arasında ciddi razılaşmaların əldə olunması real görünmür”

“Bu gün ABŞ ilə İran arasında danışıqların aparılması ilə bağlı müxtəlif informasiyaların dolaşmasına baxmayaraq ortada konkret bir mövqe, sənəd yoxdur. Bunun əvəzində isə biz hər iki tərəfin rəsmilərinin mətbuata vermiş olduğu açıqlamalardan da görürük ki, tərəflərin mövqeyi bir-birinə ziddir. Tərəflər tam əks aspektdədir”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi ekspert Taleh Əliyev söyləyib.

Ekspert bildirib ki, yəni İran “bunlar mənim suveren hüquqlarımdır” deyib istər uranın zənginləşdirilməsi olsun, istər nüvə tədqiqatları və raket sənayesinin inkişafı istiqamətində addımlardan geri çəkilməyəcəyini vurğulayır, Hörmüz boğazının bağlanması ilə bağlı yeni tələblərini qanuniləşdirməyə çalışır: “ABŞ isə İranın bu hüquqlardan imtina etməsini və ABŞ tərəfindən irəli sürülən tələblərə əməl etməsini israrla tələb edir. İslamabadda keçirilən görüş zamanı da tərəflərin ən yüksək səviyyədə nümayəndə heyətlərinin bir masa arxasında bu məsələlərdə ciddi razılığa gələ bilməməsi onu göstərir ki, növbəti raundda da baxmayaraq ki, çərçivə sazişindən söhbət gedir, bu, ən yaxşı halda görüşdən öncə də digər ekspertlərin də vurğuladığı kimi atəşkəsin müddətini uzada bilər. Tərəflər arasında ciddi razılaşmaların əldə olunması hələlik real görünmür”.

Röya İsrafilova