16:19
616
İsrailin Baş naziri Benyamin Netanyahu Livandakı şiə hərəkatı "Hizbullah"ı atəşkəs rejimini pozmaqda günahlandırıb. Eyni zamanda o, İsrail ordusunun "təhlükələrin qarşısını almaq" üçün Livan ərazisinə zərbələr endirməyə davam edəcəyinə işarə vurub.
"Livana gəldikdə: belə bir təəssürat yarana bilər ki, İsrail Müdafiə Ordusu orada fəaliyyət göstərmir. Ordumuz aktivdir və qətiyyətlə hərəkət edir. Anlamaq lazımdır ki, 'Hizbullah' tərəfindən edilən pozuntular faktiki olaraq atəşkəs rejimini heçə endirir. Buna görə də bizim üçün əsas məsələ İsrailin, əsgərlərimizin və vətəndaşlarımızın təhlükəsizliyidir", - deyə Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında iddia edib.
Xalqcebhesi.az xəbər verir ki, onun sözləri hökumət başçısının dəftərxanası tərəfindən yayılıb.
Netanyahunun versiyasına görə, İsrail "Hizbullah" obyektlərinə guya Vaşinqton və Beyrutla razılaşdırılmış sazişlər çərçivəsində hücum edir: "Biz ABŞ və yeri gəlmişkən, Livanla razılaşdırdığımız qaydalara uyğun olaraq qətiyyətlə hərəkət edirik. Bu, təkcə hücumlara cavab vermək üçün deyil, həm də birbaşa təhlükələrin qarşısını almaq və yaranan təhdidləri zərərsizləşdirmək üçün hərəkət azadlığı deməkdir."
İsrail və "Hizbullah" arasında 10 günlük atəşkəs aprelin 17-si gecə yarısı qüvvəyə minib. Demək olar ki, dərhal sonra Livan mediası İsrail artilleriyasının atəşkəsə baxmayaraq Cənubi Livanı atəşə tutmağa davam etdiyini bildirməyə başlayıb. Aprelin 23-də isə atəşkəs rejimi dövründə ilk dəfə olaraq İsrailin şimal rayonları raket atəşinə məruz qalıb. İsrail hərbçiləri cavab olaraq "Hizbullah"ın obyektlərinə zərbə endiriblər. Buna baxmayaraq, ABŞ Prezidenti Donald Tramp elə həmin vaxt İsrail və Livan arasındakı atəşkəsin üç həftə müddətinə uzadılacağını elan edib.
Məryəm Quliyeva