“Prezidentin bu faktları vurğulaması təsadüfi deyil” Gündəm

“Prezidentin bu faktları vurğulaması təsadüfi deyil”

“2026-cı il 4 may tarixində Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə çıxış edərək həm regiondakı sülh prosesinin real nəticələrini, həm də bəzi Avropa institutlarının mövqeyinə dair sərt tənqidi yanaşmasını təqdim etdi. Çıxışda 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsi ilə bağlı razılaşmanın əldə olunduğu, Ermənistanın bu təşəbbüsü dəstəklədiyi və bunun sülhün real olduğuna işarə kimi qiymətləndirildiyi vurğulandı. Eyni zamanda, sülh əldə edildikdən sonra Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırdığı, 28 min ton yük daşındığı və enerji məhsullarının ixracına başlanıldığı qeyd olundu. Bununla yanaşı, Prezident Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi qurumları ikili standartlarda ittiham edərək onların sülh prosesinə mane olduğunu bildirdi”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.

Z.Qarayeva deyib ki, bu çıxışın əsas analitik xətti ondan ibarətdir ki, Azərbaycan ilk dəfə olaraq sülh ritorikasını konkret iqtisadi və logistik faktlarla əsaslandırmağa çalışır: “Yəni burada artıq sadəcə siyasi bəyanat yox, “sülhün maddiləşməsi” müşahidə olunur. Tranzitin açılması, enerji ixracı və kommunikasiya xətlərinin aktivləşməsi regionda qarşılıqlı asılılıq yaradır. Bu isə klassik beynəlxalq münasibətlər nəzəriyyəsində “interdependence through connectivity” kimi tanınır və münaqişə riskini aşağı salan mexanizm hesab olunur. Prezidentin bu faktları vurğulaması təsadüfi deyil, məqsəd sülhün yalnız diplomatik deyil, iqtisadi baxımdan da geri dönməz mərhələyə keçdiyini göstərməkdir. Digər mühüm istiqamət Avropa institutları ilə artan diskurs gərginliyidir. Prezidentin çıxışında xüsusilə Avropa Parlamentinin son beş ildə Azərbaycanla bağlı 14 qətnamə qəbul etməsi və bunun “aludəçilik” kimi qiymətləndirilməsi siyasi ritorikanın sərtləşdiyini göstərir. Bu yanaşma əslində daha geniş geosiyasi kontekstdə oxunmalıdır. Çünki Azərbaycan Qarabağda status-kvonun dəyişməsindən sonra Qərb institutları ilə münasibətlərdə yeni balans axtarır. Burada əsas tezis ondan ibarətdir ki, Bakı artıq normativ tənqidlərə passiv cavab vermək əvəzinə, institusional qarşılıq verir. Parlament səviyyəsində əməkdaşlığın dayandırılması kimi addımlar bunu təsdiqləyir və bu, klassik “reactive diplomacy” deyil, daha çox “assertive sovereignty posture” kimi xarakterizə oluna bilər”.

Politoloqun fikrincə, eyni zamanda, çıxışda sülh prosesinin beynəlxalq legitimliyi məsələsi də ön plana çəkilir: “ABŞ-də imzalanmış birgə bəyanat, yük daşımalarının başlaması və Ermənistanın bəzi təşəbbüsləri dəstəkləməsi göstərilir ki, Bakı sülh gündəliyini yalnız regional deyil, qlobal aktorların iştirakı ilə formalaşdırır. Bu isə danışıqların institusionallaşmasına xidmət edir. Prezidentin Avropa Komissiyasına təşəkkür etməsi ilə digər qurumları tənqid etməsi isə Avropa daxilində diferensial yanaşma strategiyasıdır, yəni bütün Avropanı deyil, konkret institutları hədəf almaqla diplomatik manevr imkanlarını açıq saxlayır. Yekunda çıxışın ümumi məntiqi ondan ibarətdir ki, Azərbaycan paralel iki xətt üzrə hərəkət edir: bir tərəfdən Ermənistanla real iqtisadi əsaslara söykənən sülh quruculuğu, digər tərəfdən isə Qərb institutları ilə münasibətlərdə selektiv və daha sərt mövqe. Bu, klassik balanslaşdırma deyil, daha çox “multi-vector but interest-driven diplomacy” modelinə uyğundur. Yəni Bakı artıq normativ təzyiqləri qəbul edən tərəf deyil, öz şərtlərini və narrativini formalaşdıran aktor kimi çıxış edir. Bu isə regionda yeni siyasi mərhələnin başlandığını göstərən əsas siqnallardan biridir”.

Röya İsrafilova