WUF13 zamanı istismara veriləcək avtobus və taksilərin sayı açıqlanıb Hadisə

WUF13 zamanı istismara veriləcək avtobus və taksilərin sayı açıqlanıb

WUF13 zamanı İçərişəhər–Şıx-“Sea Breeze” xətti üzrə daşımalar da təşkil olunacaq. Eyni zamanda hava limanından daşımalar 24 saat fasiləsiz rejimdə həyata keçiriləcək.

“APA-Economics” xəbər verir ki, bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov deyib.

O bildirib ki, şəhər daşımaları üçün 171 ədəd elektrik avtobus seçilib:

“Bunlardan 155-i əsas, 16-sı ehtiyat avtobus olmaqla, qeyd etdiyimiz nəqliyyat mübadilə mərkəzlərindən tədbir məkanına daşımalar həyata keçiriləcək. Bundan əlavə, 36 ədəd Neoplan tipli avtobus istifadə olunacaqdır. Bu avtobuslar hava limanından nəqliyyat mübadilə mərkəzlərinə müntəzəm daşımaları təmin edəcək. Onlardan 26-sı əsas, 10-u isə ehtiyat avtobus kimi fəaliyyət göstərəcək. Taksi xidməti ilə bağlı “Baku Taxi” tərəfindən 150 nəqliyyat vasitəsi əməliyyatlara cəlb edilib. Bundan əlavə, 330 ədəd fərdi taksi vasitəsi də istifadə olunacaq. Nəqliyyat parkımızın əsas hissəsini təşkil edən sıfır emissiyalı elektrik avtobuslar yaşıl nəqliyyat planının bir hissəsidir”.

V.Aslanov deyib ki, Bakı Olimpiya Stadionu üzrə nəqliyyatın təşkili artıq yekunlaşdırılıb:

“Stadion təkcə tədbir məkanı deyil, eyni zamanda hava limanı, otellər və digər nəqliyyat mübadilə mərkəzlərini birləşdirən əsas nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək. Burada əsas vəzifələrimiz izdihamın idarə olunması, bütün qonaqların təhlükəsiz, fasiləsiz və effektiv şəkildə daşınmasının təmin edilməsidir. Bununla yanaşı, məkan daxilində nəqliyyat infrastrukturunun qurulması və qolfkartlar vasitəsilə daxili nəqliyyatın təşkili də həyata keçiriləcək”.